23 Aprel 2019 www.xeber24.az

2012-ci ildən bəri fəaliyyət göstərən “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Zaur Ünsizadə, Avropa Komissiyası tərəfindən maliyyəşən “Erasmus+” çərçivəsində ilk mərhələsi 12-18 Aprel 2019-cu il tarixləri arasında Avropanın bir neçə şəhərində baş tutan “Start it UP, Keep it UP” layihəsində iştirak edir. Layihənin digər mərhələləri növbəti aylarda davam edəcək. Zaur Ünsizadə Avropanın 3 ölkəsini əhatə edən bu layihədə iştirak edən 5 Azərbaycanlı nümayəndə heyətindən biridir.

“Start it UP, Keep it UP” layihəsi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) 2018-ci ildə Avropa Komissiyası (European Union) tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramının qrant müsabiqəsində qalibi olub. “Start it UP, Keep it UP” layihəsi 2020-ci ilin sonuna qədər davam edəcək və əsas məqsədi gəncləri sosial sahibkarlıq sahəsində iştirak etmək, həvəsləndirmək və maarifləndirməkdir. Azərbaycanın da aralarında olduğu layihənin 6 tərəfdaş ölkəsinin (Azərbaycan, Bolqarıstan, Latviya, Türkiyə, Yunanıstan və Xorvatiya) hər birindən 4 iştirakçı və 1 koordinator layihədə iştirak edir.

Zaur Ünsizadə ölkəmizi təmsil edən komanda ilə iştirakçısı olduğu layihə çərçivəsində adı çəkilən ölkələrdə təlimlərə qatılmaqla yanaşı, müxtəlif startaplar və biznes inkubator nümayəndələri ilə görüşlər keçirərək, “Youth Inc.” Sahibkarlıq Proqramı və proqram tərəfindən icra edilən New Generation (Yeni Nəsil) layihəsini iştirakçılara təqdim edib. Bundan əlavə Zaur Ünsizadə keçirilən görüş və təlimlərdə “Virgin Ecosystem” başlıqlı təqdimatı ilə startap ekosisteminin inkişafına əngəl olan amillərdən və s. danışıb.

Qeyd edək ki, layihənin icrasına Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) və “Institute of Youth Power” təşkilatının təşkilatçılığı ilə Xorvatiyanın Kutina şəhərində başlanılaraq Makedoniya və Yunanıstanda davam edəcəkdir.

 

Fariz Eyvazlı