28 Aprel 2019 www.xeber24.az

27 Aprel 2019-cu il Yardımlı rayonunun prokuroru, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən çox maraqlı bədii ədəbiyyat nümunələrinin müəllifi kimi tanınan yazıçı Vahid Məmmədlinin imza törəni keçirilib. Tədbir Bakı şəhərində yerləşən Gənclik Moll ticarət mərkəzində – “Libraff” kitab mağazasında düzənlənib.

Müharibə gedən ölkədə bir güllə belə atmadan, ağılın gücü, qəhramanlıq və humanistlik ilə insan həyatını və hətta həyatlarını xilas etmək mümkündür.

Yazıçı Vahid Məmmədlinin “Tunc Mələk” kitabı da məhz bu ideyanı aşılayır.

Detektiv janrında yazılan əsər ilk dəfə Rusiyada çap olunub və bestsellerə çevrilib.

Onu hətta dünyanın ilk qansız döyüş romanı da adlandırırlar.

Qeyd edək ki, Vahid Məmmədli Avropanın və Rusiyanın ən böyük nəşriyyatı sayılan “Eksmo” nəşriyyatının müəlliflərindən biri olmaqla, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən bədii ədəbiyyat nümunələrinin müəllifi kimi də tanınır. Rusiyanın ilk qansız döyüş romanının – “Tunc Allahın yükü”, Azərbaycanda isə fentezi janrında yazılmış ilk əsər olan “Atropatena dastanı” trilogiyasının və s. çoxsaylı maraqlı kitabların müəllifidir.

V.Məmmədlinin əsərləri Rusiyada, Türkiyədə, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Yunanıstanda, Çexiyada, Hindistanda, Misirdə və digər ölkələrdə çap olunub. Londonda Qafqazla bağlı nəşr olunan “Cənubi Qafqaz” jurnalında “Azərbaycanın pərəstiş olunan yazıçısı” kimi təqdim olunub. Rusiyada Vlad Mamişov təxəllüsü ilə yazıb…

Yazıçının son dövrlərdə yazdığı “Buddanın qayıdışı”, “Qarabala”, “Bakı-2031” “Müqəddəs Məryəm Ananın Efesə köç etməsi” povestləri, “Qırmızı böyürtkən” hekayəsi və digər əsərləri dünyanın bir çox ölkələrində böyük oxucu marağına səbəb olub.

2010-cu ildə isə Vahid Məmmədlinin “Atropatena dastanı” adlı kitabı cap olunub.

Fariz Eyvazlı