10 İyun 2019 www.xeber24.az

Son günlər dünyada və Azərbaycanda havaların kəskin istiləşməsi, ölkəmizdə temperaturun 40 dərəcədən yuxarı qalxması ilə bağlı mütəmadi məlumatlar verilir, əhalinin bu cür hava şəraitində ehtiyatlı olmasına dair xəbərdarlıqlar edilir. Mövzunun aktuallığını və əhəmiyyətini nəzərə alıb, araşdırmalara başladıq.

Əvvəlcə onu deyək ki, yayı digər fəsillərdən fərqləndirən cəhət məhz bol günəş işığının Yerə düşməsindədir. Təsadüfi deyil ki, kiməsə alqış edəndə “Səni görüm gün işığına möhtac qalmayasan”, “İşıqlığa çıxasan” deyirik. Bəs dünyanın enerji qaynağı olan Günəşin sağlamlığımız üçün nə qədər faydalı və ya zərərli olduğunu bilirikmi? Odur ki, Xeber24 bu dəfə isti yay günlərinin hakimi olan günəş şüalarının təsirindən yazacaq.

Əsl “xoşbəxtlik hormonu” olan günəşin xeyiri

Dünyadakı bütün varlıqlar üçün günəş bir həyat qaynağıdır. Günəşin insanlar üzərində yaratdığı müsbət təsirlər çoxdur. Bunlardan ən əsası isə bir çox xəstəliyin müalicəsində istifadə edilən antibakterial təsirdir. Eyni zamanda Günəşin fotosintez, D vitamininin meydana gəlməsini təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan psixologiyasına müsbət təsir etmək kimi saysız faydası var. D vitamini  xüsusilə uşaq və yaşlılar üçün faydalıdır, bədəndəki kalsium tarazlığını qoruyur, sümüklərin və bədən quruluşunun inkişafında mühüm rol oynayır. Yerində qəbul etmək şərtilə günəş duşları faydalıdır. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün günəş şüalarının xeyiri vardır. Günəş şüaları həm də insanlara estetik görünüş verir. Onun təsirilə insan bədənində “xoşbəxtlik hormonu” deyilən hormonların istehsalı artır, insanın əhval-ruhiyyəsi yaxşılaşır. Elə insanlar vardır ki, tutqun havada kədərli olurlar.

Günün görünməyən “qaranlıq” tərəfləri

Göstərdiyi müsbət təsirlərilə bərabər, Günəşin insana zərərləri də vardır. Günəşin ozon təbəqəsinin incəlməsi artıq insan sağlamlığı üçün təhlükə yaratmağa başlayır. Normalda atmosfer və ozon təbəqəsi yer səthinə çatan UV (ultrabənövşəyi) şüasının miqdarını azaldır. Ozon təbəqəsinin incəlməsiylə birlikdə yerə çatan UV radiasiya miqdarında böyük artım olmuşdur.
Günəşdən yayılan şüalar və bu şüalarla daşınan istilik enerjisinin 50%-i yer səthinə çatır. Günəşdən gələn şüalar 3 cür olur və hər birinin fərqli təsirləri vardır. Əvvəllər yer səthinə yalnız A və B ultrabənövşəyi şüaları çatırdı, indi isə təhlükəli C adlı şüa buna əlavə edilir. C şüaları ozon təbəqəsi tərəfindən tutulan ən zərərli şüa növüdür. Əməliyyat otaqlarında sterilizasiya məqsədilə istifadə edilir.
A ultrabənövşəyi radiasiya dərinin dərin təbəqələrinə təsir edir, dərinin erkən yaşlanması və qırışmasına səbəb olur. B şüaları isə dərinin üst təbəqəsinə nüfuz edir və yay aylarında daha çox təsirli olur. B tipli şüalar melaninlə əlaqəyə girəndə gözəl piqmentasiya yaradır, yəni uzun vaxt gözlədiyin qaralmaya nail olursan. B və C ultrabənövşəyi radiasiyaları isə birlikdə dəri xərçəngləri riskini artırır.

Dəniz və qumda qaralmaq ilk kimin ağlına gəlmişdi?

1920-ci illərdə o zamanın məşhur stilisti Coco Chanel Fransa Rivierasından ABŞ-a yanıq bir bədənlə geri dönür. Bu hadisə modada bürüncləşmiş dərinin yayılmasına səbəb olur. Yanıq bədən artıq zənginlərin imtina edə bilmədikləri bir modaya çevrilir. İnsanların tətil anlayışları dəyişir; dəniz və qum, qumda günəş vannası qəbul etmə, tətil deyincə, ilk ağla gələn şey olmağa başlayır.

Günəşin zərərli təsirindən  necə qorunmaq lazımdır?

İnsan həyatı boyunca qəbul etdiyi UV şüalarının yarısından çoxunu uşaqlıq çağında alır.
Təkrarlanan dəri yanıqları dəri xərçənginə səbəb ola bilər. Buna görə də yalnız dəniz, ya da hovuz kənarında günəş vannası qəbul edərkən deyil, günün hər saatında Günəşdən qorunmamız böyük bir əhəmiyyət daşıyır.
Mütəxəssislər gələcəkdə müxtəlif xəstəliklərə düçar olmamaq üçün günəş şüalarının mənfi təsirlərindən vaxtında qorunmağı məsləhət görürlər:

– Günəş altında geniş kənarlı şlyapa, eynək, açıq rəngli yüngül geyimlər istifadə edilməlidir. Günəşdən qoruyan möhkəm toxumalı paltarlar geyinmək vacibdir. Paltarların çoxu günəş şüalarını çəkər və ya əks etdirər. Lakin zəif toxunmuş parçalar və yaş paltarlar dərini günəşə qarşı qoruya bilməz. Möhkəm paltarlar daha yaxşı qoruma təmin edir.

– Buludlu havalarda günəş radiasiyası  yarı faiz azalar. Bu səbəbdən buludlu havalarda da qorunmağı yaddan çıxartmaq olmaz.

– Suda olarkən və ya tərli ikən günəşin təsirindən qorunmaq üçün bədəninizə suya dayanıqlı günəşdən qoruyucu kremlər çəkin və hər 1.5 saatdan bir tətbiq edin.
Saat 11.00-16.00 saatları arasında günəş şüaları yer səthinə düz bucaq altında düşdüyündən insan orqanizmi üçün çox zərərlidir

– Kölgədə qalmağa çalışın. Ona görə də günorta saatlarında  açıq havada olmaq məsləhət deyil.

– Qumlu sahillərdə çətirlərdən istifadə yaxşıdır, lakin qum, sudan əks olunan işıq, UV şüalarından tam qoruma təmin etməz.

– İsti və rütubətin sıx olduğu saatlarda ağır işlər görmək və idmanla məşğul olmaq məsləhət deyil, yaxşı olardı ki, işlərinizi sərin vaxtlara planlaşdırasınız.

– Bol maye içilməlidir. Sidiyin azalması və tündləşməsi bədəninizin suya ehtiyacı olduğuna işarədir. Bu kimi mühitlərdə hər kəsin yanında içməli su mütləq olmalıdır. Spirt və kafein sidik artımı və maye itkisinə səbəb olduğu üçün isti vaxtlarda içilməməlidir.

– Günəşə qarşı necə qorunmağı təyin etmək üçün dəri tipindən xəbərdar olmağın böyük bir əhəmiyyəti var. Günəşin zərərləri baxımından ən çox riski ağ bədənlilər, qırmızılar və heç qaralmayan, ya da günəşə çıxdıqca dəri yanıqlarıyla nəticələnən dəri tipləri daşıyır. Dərinin rəngi tündləşdikcə yanma riski də o nisbətdə azalır. Ancaq əsmər bədənlilərdə də ozon təbəqəsinin incəlməsiylə birlikdə günəş yanığı meydana gəlməsi heç də az rast gəlinən bir hal deyil.

Günəş vannasından necə istifadə etməli?

Araşdırmalara görə, günəş vannası qəbul etmək üçün ən ideal vaxt səhərlər saat 11.00-a qədər, günorta 16.00-dan sonrakı saatlardır. Bu saatların xaricində isə qəti şəkildə kölgədə istirahət etmək təklif edilir.

Qeyd etmək lazımdır ki, ultrabənövşəyi şüalanma orqanizmdə toplana və illər keçdikdən sonra öz fəsadlarını üzə çıxara bilər. Günəş vannasını, tədricən, qəbul etmək lazımdır. Gündə 10-15 dəqiqdən başlayaraq, bu vaxtı 5 dəqiqəyə qədər artırmaq olar. Dermatoloq alimlər hesab edirlər ki, dərinin növündən asılı olaraq, hər insan doğulduğu vaxtdan müəyyən günəş şüalarını qəbuletmə normasına malikdir. Bu normanı keçmək insan orqanizminə mənfi təsir göstərir. Günəş vannalarının kifayət edib-etmədiyini yoxlamaq üçün sadə test mövcuddur: çimərlikdə olduğun vaxt barmaqlarınla bədəninin istənilən hissəsinə toxun. Əgər toxunulan yerdə ağ ləkə qalırsa, onda kölgəyə getmək vaxtıdır.

Qoruyucu günəş kremlərindən istifadə vacibdir!

Yay aylarında hər kəs, xüsusilə açıq rəngli bədəni olanlar 15 SPF (Sun Protection Factor-günəşdən  qoruma faktoru) günəşdən qoruyucu məhsullar istifadə etməlidir. Günəş qoruyucular UV şüalarını əks etdirmə  və paylama yolu ilə dəriyə çatmasına mane olan dərmanlardır. Günəş qoruyucu kremlərin fəaliyyətini günəşdən qoruma faktoru (SPF) nömrələri təyin edir. Günəşdən qoruma faktoru nə qədər yüksək isə təsiri o qədər artar.
Daha yüksək SPF nömrəsi UVB şüalarının səbəb olduğu günəş yanıqlarına qarşı daha çox qoruma təmin edər
Gündəlik istifadə üçün SPF 15 qoruma faktoru kifayətdir. Lakin yaz aylarında və açıq və həssas bədənlilər üçün ən az 30 qoruma faktoru lazımdır. Qoruyucu kremlər günəşə çıxmadan 30 dəqiqə əvvəl sürtülməli,  su, tərləmə ilə təsirinin azalacağı nəzərə alınaraq 2-4  saatdan bir  yenilənməlidir.

Yayda dərinin sağlamlığını necə qorumaq lazımdır?

Yayda günəş şüalarının təsirinə məruz qalan ən həssas bölgə dəridir. Mütəxəssislər dəri sağlamlığını qorumaq üçün aşağıdakılara diqqət etməyi məsləhət görürlər:
– Açıq rəngli və qoruyucu tərzdə geyinin.
– Günəş gözlüyündən istifadə edin.
– Geniş kənarlığı olan şapkalar taxın.
– UV şüalarının ən sıx olduğu 11:00 – 13:00 saatları arasında kölgədə qalmağa çalışın.
– Günəşə çıxmadan yarım saat əvvəl bədənə günəşdən qoruyucu krem sürtülməlidir.
– Yayda istiylə əlaqədar olaraq dəridə quruma prosesi gedir. Ona görə də bol maye qəbul etmək lazımdır.
– Həftədə 1-2 dəfə nəmləndirən və dərindən təmizləyən maskalardan istifadə etmək dərini təmizləyir və çirkin yığılıb qalmasının, dərinin kobudlaşmasının qarşısını alır. Soyulan maskaların tətbiqi yay boyunca dərinin daha təmiz və canlı qalmasını təmin edər.
– 6 aydan kiçik körpələr uzun müddət günəşdə qalmamalıdır. Günəşdən qorunmağa erkən uşaqlıq yaşlarında başlanılmalıdır.

Dəri xərçəngi riskini azaltmağın və dəri yaşlanmasını önləmənin ən doğru yolu şüurlu günəş vannası qəbul etməkdir.
Hər şeyin çoxu zərərlidir. Günəş şüalarının da çox qəbul edilməsi insana çox zərər verə bilər. Zərərin ən təhlükəliləri bunlardır: immunitetin zəifləməsi, katarakt və göz xərçəngi, A vitamini çatışmamazlığı, dəri xərçəngi, dəridə qırışıqlıq, dəri elastikliyinin itməsi və dəridə sallanmalar, saçlarda quruluq, tez qırılma və kəpək, dırnaqlarda incəlmə və saralma, hüceyrə yenilənməsində axsama, melanin piqmentinin həddindən artıq fəallaşması nəticəsində tarazlığın pozulması ilə meydana gələn günəş ləkələri, damar genişlənməsi, dəridə müdafiə etmə mexanizmi olaraq qalınlaşma və nəm itkisi-quruluq, çillər, sızanaqlarda artma və. s.

Əksər insanlar sızanaqların günəşin və dəniz suyunun təsiriylə müalicə edildiyini və azaldığını düşünürlər. Amma gerçəkdə bu belə deyil. Ultrabənövşəyi şüalar dərini qurudub, yağ ifrazını nizamlayır, lakin iqlimin dəyişməsiylə sızanaqlarda artım müşahidə edilə bilər.
Günəşdən qorunması çox vacib olan xəstələr – Xüsusi risk qrupları

Kimlər günəşdən daha çox qorunmalıdır?

Ürək və təzyiqdən problemi olanlar, uşaqlar, qocalar, hamilə qadınlar, kök insanlar, xərçəng xəstələri çox ciddi şəkildə günəşin zərərli təsirindən qorunmalıdırlar. Belə insanlar gün altında çox enerji sərf etməkdən çəkinməli, qapalı və havasız yerlərdə uzun müddət qalmamalıdırlar. 11.00-16.00 saatları arasında günəş şüalarının təsiri çox güclü olur. Belə vaxtlarda xəstə insanların uzun müddət günəş altında qalması qəti şəkildə olmaz.

Həkimlər xüsusi risk qrupu altında olan insanlara tez-tez ilıq su ilə duş qəbul etmək, açıq və rəngli rahat geyimlərdən, geniş kənarlı şlyapalardan istifadə etməyi məsləhət görürlər

Günəş vannası qəbul etmədən və ya günəşə çıxmadan əvvəl bədənə hər bir insanın öz dəri tipinə  uyğun qoruyucu günəş kremi sürtülməlidir. Günəş vannası qəbul etdikdən sonra, dəridə günəş yanığı və ya ləkəsi yaranıbsa qatıqdan qəti şəkildə istifadə edilməməlidir. Xüsusi risk qrupu altında olan xəstələr bu vəziyyətdə yanmış dəriyə soyuq sudan kompress tətbiq etməlidirlər. İstivurmaya düçar olan xəstələri isə əvvəlcə sərin və kölgəli yerə keçirmək, tez bir zamanda əynindəki sərt paltarları çıxardaraq baş və bədəni sərin su ilə islatmaq lazımdır. Bu yolla xəstələrin vücudları soyudulur və istivurmanın fəsadları aradan qaldırılır. Xəstələrin şüurunda problemlər yaranarsa dərhal həkimə müraciət etmək lazımdır.

Hamilə qadınlar diqqətli olsun!

Hamiləlik dövründə hormonlarda yaşanan dəyişikliklərə bağlı olaraq, dəri günəş şüalarına qarşı daha həssas olur. Buna görə də günəş yanığı daha qısa müddətdə yarana bilər. Hamiləlikdə “hamiləlik maskası” kimi  adlandırılan alın, burun və yanaqlarda tünd rəngli ləkələr yarana bilər. Günəş şüalarına nizamsız məruz qalmaq bu ləkələrin qalıcı olmasına və ya daha da pis yaralara çevrilməsinə səbəb ola bilər. Ona görə də həkim məsləhəti ilə günəş vannası qəbul etmək məsləhətdir.

Yay aylarında insanlar nələrə fikir verməlidirlər?

Yayı sağlam və gümrah şəkildə başa vurmaq istəyənlər üçün 4 qızıl qayda mövcuddur:

Qida. Yay fəslində ümumiyyətlə qida qəbulunda diqqətli olmaq lazımdır. Az-az və tez-tez yemək məsləhətdir. Yağlı və ətli yeməklərdən istifadə halları minimuma endirilməlidir. Qatıq və süd məhsullarından hər gün istifadə etmək lazımdır. Bol su içilməli, çoxlu tərəvəz və meyvə, dəniz məhsulları istehlak edilməlidir. Yaddan çıxartmaq olmaz ki, dünyada ən güclü nəmləndirici sudur. Su, dəriniz üçün də ən təsirli nəmləndiricidir. Buna görə də gündə ən az 2 litr su içilməlidir. İsti aylarda spirtli və turşulu içkilərin qəbulundan çəkinmək lazımdır. Daha çox südlü və meyvəli şirələr içmək məsləhətdir.

Qızmaq günəş altında necə geyinməliyik?

Geyim tərzi. Yayın qızmar çağında geyimə də xüsusi fikir vermək lazımdır. İncə toxunuşlu pambıq  parçalar  və süni ipəkdən hazırlanmış paltarlar  işığı daha çox keçirir. Bu geyimləri əyinə  geyməzdən əvvəl günəş qoruyuculardan istifadə etmək lazımdır. Pambıqlı, açıq rəngli, incə və yüngül geyimlər geyilməlidir. Sərin  mühitdə işləyənlər, tünd rəngli geyimləri  seçə bilərlər. Çünki  tünd rənglər  ultrabənövşəyi şüaları əks etdirdiyi üçün günəşin təsirlərini azaldır. Amma buna qarşılıq istini çəkir.

Bədəninizi mümkün olduğu qədər çox örtə bilən bol və açıq rəngli, uzun qollu köynək, şalvar və paltarları seçin. Günəş şüalarından 100 faiz qoruyan eynəklərdən istifadə etmək məsləhətdir. Çünki bu cür günəş eynəkləri katarakta və gözə təsir edən zərərli şüaları azaldar. Günəş gözlüyü alarkən etiketini mütləq oxumaq lazımdır.

Zaman. Səhər 11.00, günortadan sonra 16.00 arası günəşə çıxmaq olmaz. Kölgədə dayanmaq günəşdən qorunmanın ən yaxşı yoludur. Xüsusilə körpə və uşaqları, yaşlıları günəş şüalarından daha çox qorumalıyıq. Günəş şüalarından qorunmanın ən təsirli yolu  günəşli sahələrə çıxmamaqdır. Gündəlik həyatda bu mümkün ola bilməyəcəyindən günəşli sahələrə günəşdən qorunaraq çıxmamız lazımdır.

Qoruyucu günəş kremləri. Günəş şüalarının sağlamlığa mənfi təsirini azaldan  vasitələrdən istifadə etmək mütləqdir. Günəş qoruyucularının  tətbiqi asan, uzun müddət təsirini saxlayan olmalı, dərini  UvA və UvB şüalarına qarşı qorumalıdır. Günəş qoruyucu vasitələrin bədənə təsirini göstərə bilməsi üçün günəşə çıxmadan 30-60 dəqiqə əvvəl sürtülməlidir. 2-3 saatdan bir təkrar istifadə etmək, tərləmə, yuyunma, üzmə sonrasında kremləri yeniləmək lazımdır.

Günəş şüaları hansı xəstəlikləri yaradır?

Aparılmış təcrübələrə görə, Günəş şüaları həm dərinin hüceyrə quruluşunu pozur, həm də immunitet sisteminin gücünü azaldaraq xərçəngin  inkişafına səbəb olur.
Bəzi insanlar günəş şüalarına qarşı daha həssasdırlar. Həkimlərin bildirdiyinə görə, açıq bədənlilər, rəngli gözlülər və qırmızı-sarı saçlılar dəri xərçənginə  tez tutulma riskinə malikdirlər. Cütçülər və balıqçılar kimi açıq ərazidə işləyənlər  günəş şüalarına daha çox  məruz qalırlar. Bu peşə qrupuna aid olan insanlarda dəri xərçəngi xəstəliyinə tutulma ehtimalı daha çoxdur.

Dəri xərçənglərinin 100-də 90-ı həddindən artıq günəşə məruz qalmış bədən bölgələrində meydana gəlir.  Üz,boyun, qulaq, əl, alt dodaq və qollar ən sıx görülən bölgələrdir. Sağlam olmaq  üçün günəşdən qorunmağı yalnız tətildə günəş vannası qəbul edərkən deyil, yaz və qış aylarında da gündəlik vərdiş halına gətirməli və xüsusilə uşaqlarımıza da öyrətməliyik.

UV radiasiyası gözlər üçün də zərərlidir

Xüsusilə gənclər gözlərini qorumalıdırlar. Kənarlı bir şapka, UV radiasiyasını əks etdirən  eynəkdən istifadə kimi sadə, etibarlı və bahalı olmayan üsullarla gözləri zərərli şüaların təsirindən qorumaq olar.
Günəş gözlüyünün qoruyucu ola bilməsi üçün saxta olmaması lazımdır. Saxta eynəklər, günəşdən gələn zərərli işıqlara qarşı gözü qorumadığı kimi, əksinə gözə gələn zərərli işıqların miqdarını artıraraq daha da pis təsir göstərir. Saxta eynək taxmaqdansa heç taxmamaq daha yaxşıdır. Bu səbəblə, günəş gözlüyü seçərkən çox diqqətli olmaq lazımdır.

Gün eynəklərinə diqqət!

Günəş gözlüyünün yaxşı bir qoruma təmin edə bilməsi üçün yüksək dərəcədə (ən az yüzdə 70-80) ultrabənövşəyi süzən bir şüşədən edilməsi lazımlıdır. Bu mövzuda polarize şüşələr son dərəcə uğurludur. Gerçək günəş eynəklərinin ultrabənövşəyi şüaları süzdüyünə dair bir sertifikatı vardır. Eynək alarkən bu vəziyyət araşdırılmalı, sertifikatı olmayan günəş eynəkləri alınmamalıdır.

Günəş işığı nələrə qadirmiş?

“Journal of Epidemiology and Community Health” jurnalında çap olunmuş  Kaliforniya Universiteti mütəxəssilərinin araşdırmalarına görə, ekvatordan uzaq, günəş işığının az olduğu ölkələrdə ağciyər xərçəngi nisbəti yüksək olur. Bədənin əsas  D vitamini qaynağı UVB şüasının ekvatora yaxınlaşdıqca artdığını xatırladan alimlər, araşdırmada ekvatordan uzaq ölkələrdə ağciyər xərçəngi nisbətinin ən yüksək, ekvatora yaxın ölkələrdə isə ən aşağı olduğunu təyin ediblər. D vitaminində xərçəngin inkişafını yavaşlatma xüsusiyyətinin olduğu da aşkarlanıb.

Sonda hər  kəsə bu yayı qadasız-bəlasız başa vurmağı arzulayırıq. Unutmaq olmaz ki, sağlamlığımızın qeydinə qalmaq öz əlimizdədir.

Nurlan Cəfərzadə