18 Aprel 2019 www.xeber24.az

Məişət zəminində zorakılıq, xüsusən mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlara yardım məqsədilə Qaynar xətt yaradılır.

Xeber24.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) keçirilən tədbir zamanı nazir müavini Anar Kərimov məlumat verib.

Bildirilib ki, mənəvi-psixoloji təzyiqlərə məruz qalan uşaqlara proaktiv yönümlü dəstəyin təmin edilməsi üçün ayrıca bir Qaynar xəttin yaradılması nəzərdə tutulur.

O vurğulayıb ki, yaradılması nəzərdə tutulan Qaynar xətt zorakılıq, mənəvi-psixoloji təzyiq halları ilə üzləşən uşaqların operativ şəkildə dəstək tədbirləri ilə əhatə olunmasına xidmət edəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı keçirdiyi mətbuat konfransında  təhsil idarəetmə orqanlarında bu mövzu ilə bağlı Qaynar xəttin yaradılacağı barədə tapşırıq verdiyini demişdi.

Fariz Eyvazlı