22 avqust 2019 www.xeber24.az

Şimali Koreyanın uran müəssisəsi radioaktiv tullantıları yaxınlıqdakı çaya axıdır və bu, xərçəng xəstəliyinin yaranmasına səbəb olur.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Söhbət, əsasən, Şimali Kvanqe əyalətindəki Pxensan şəhərindən gedir. Amerikalı tədqiqatçı Ceykob Boql 2003-cü ilə aid fotolara baxarkən bu qənaətə gəlib ki, mədəndən çirkli sular yaxınlıqdakı su anbarına axıdılır.

Qeyd olunur ki, burada uran zənginləşdirilir. Peyk görüntülərinə görə, bundan sonra yaranan çirkli suyun bir hissəsi isə Sarı dənizə birləşən Ryeson çayına axıdılır.

“Bəzi görüntülərdə zəhərli maddələrin birbaşa çaya buraxıldığı görünür”, – deyə C.Boql bildirir.

Mütəxəssislər hesab edirlər ki, bu cür tullantıların tərkibində ağır radioaktiv maddələr var. Bunun nəticəsində isə ən azı 400 min insan xərçəng və digər ağır xəstəliklərə tutulmaq riski ilə üzləşir.

Fariz Eyvazlı