105-110 il əvvəl xalqımızın varlı oğullarının başı var-dövlətlərini artırmağa, günlərini Petroqradda, Parisdə eyş-işrət içində keçirməyə, bir-birilə çəkişmə aparmağa qarışanda Tiflisdə, İrəvanda, Batumidə və başqa yerlərdə doğulmuş ermənilər Bakıya axışıb, buradakı fəal ermənilərlə müxtəlif partiyalarda birləşərək hökumət qurublar, Bakının sahibinə çevriliblər.

O dövrə aid inqilabi ədəbiyyatı, memuarları oxuyanda bu bariz şəkildə oxucunun gözünə girir. Bakı şaumyanların, əmiryanların, mirzoyanların, mikoyanların, ağamiryanların, avakyanların əlində olub. 1918-ci ildə baş verən vətəndaş müharibəsindən, kütləvi qırğından sonra ermənilərin qurduğu hökumət (Bakı kommunası) uzun yaşamasa da, hər halda 2 ildən sonra 11-ci ordunun gəlişi ilə ölkəmizdə qurulacaq hökumətin sələfi kimi tarixə düşüb və onlar yenidən Bakıda əsas söz sahibinə çevriliblər.

Həm Bakı kommunasında, həm də 1920-ci ilin aprelində bolşeviklərin qurduğu hökumətdə yer alan ermənilərdən biri də Suren Xristoforoviç Ağamirovdur.

O, 1898-ci ildə Bakıda anadan olub. Yəni Suren Şaumyan və Mikoyandan fərqli olaraq Bakı ermənisidir. Neft iyinə gələn bir çoxları kimi onun əcdadları da Bakıya neft bumundan sonra gəlib yerləşiblər.

Suren orta təhsil alıb, kommersiya institutuna daxil olsa da, başı inqilaba qarışıb və ali məktəbi bitirməyib.

1915-ci ildə bolşeviklər partiyasının qeyri-leqal özək təşkilatının üzvü olan Ağamirov 1916-cı ildən partiyanın rəsmi üzvü olub.

1916-1917-ci illərdə o, Rusiya Kommunist (bolşeviklər) Partiyasının təbliğatçısı-təşviqatçısı olub, “Bakinski raboçi” qəzetində işləyib, partiyanın Bakı quberniyası komitəsinin üzvü seçilib.

1917-1918-ci illərdə S.Ağamirov Qafqaz ordusunun hərbi-inqilabi komitəsinin silahlanma üzrə komissarı olub, Bakıda Qafqaz ekspedisiyası korpusu üçün artilleriya formalaşdırıb, Bakı kommunistlərinin yaratdığı Qafqaz ordusunun komissarı təyin edilib. Qafqaz-islam ordusu Bakını erməni-daşnak-bolşevik tör-töküntülərindən xilas edəndə onlara müqavimət göstərən hərbi qüvvələrin başında Ağamirov durub.

Ötən yazılarımızdan birində qeyd etdiyimiz kimi, Behbud xan Cavanşiri 1918-ci ilin mart ayında baş verən erməni-müsəlman davası zamanı labüd ölümdən xilas edən Suren Ağamirov olub. Ancaq o, bunu öz iradəsi lə etməyib. Bu əmri ona Bakı kommunasının rəhbəri, Behbud xan Cavanşirin keçmiş sinif yoldaşı və dostu Stepan Şaumyan verib. O isə Şaumyanın oğluyla birlikdə əmri icra edib. Bu zaman onun 19 yaşı olub.

Erməni mənbələrində B.Cavanşir “erməni xalqının cəlladı” kimi qələmə verilsə də, elə həmin abzasda bildirilir ki, 1918-ci ilin sentyabrından sonra Ağamirov türk əsgərləri tərəfindən yaxalanır və edam cəzasına məhkum edilir, ancaq Behbud xan Cavanşirin himayədarlığı ilə ölümdən qurtulur. O zamanlar Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olan B.Cavanşir Surenə borclu qalmır, onu xilas edir və Gürcüstana yola salır. Həmin ay Suren Tersk sovet respublikasına ezam olunur (o dövrdə müasir Çeçenistanın ərazisində, Terek çayı boyunca kommunistlərin formalaşdırdığı belə bir əldəqayırma dövlət olub, Denikin tərəfindən darmadağın edilib).

Maraqlıdır, necə olub ki, öz sinfi düşmənlərini, fəal inqilabçıları – Şaumyanı, Ağamirovu himayə edən, xilas etməyə çalışan Behbud xan Cavanşir sıravi ermənilərin cəlladına çevrilib? Məntiq yoxdur. Bunu iddia edən ermənilər yalnız ona istinad edirlər ki, Nuru paşanın komandanlıq etdiyi türk ordusu Bakıya daxil olanda erməni silahlı birləşmələri müqavimət göstəriblər və qüvvələr qeyri-bərabər olduğundan darmadağın olunublar. O dövrün şahidlərinin qeydlərinə görə, həlak olanların meyitləri üç gün ərzində yolayrıclarında və Bakı buxtasında qalıb. Ancaq birincisi, bu, bir müharibə epizodu olub, dinc ermənilərə aidiyyatı olmayıb (mülki erməni əhalisi kütləvi şəkildə qətlə yetirilsəydi, yəqin ki, Bakıda erməni qalmazdı, hər kəs onların yaşadığı xutorları və ünvanları tanıyırdı), ikincisi isə, erməni silahlıları ilə savaşan ordu B.Cavanşirə tabe deyildi.

Hər halda, Suren Ağamirovun edamdan xilas edilməsi göstərir ki, daxili işlər naziri amansız biri olmayıb.

Ağamirov isə Tersk sovet respublikasında təchizat idarəsinin rəisi, artilleriya idarəsinin rəhbəri, hərbi işlər üzrə komissarın müavini vəzifələrində işləyir.

1919-cu ildə o, qeyri-leqal vəziyyətdə Vladiqafqazda gizlənir, sonra inqilabçı dostu Sturua ilə birlikdə piyada Gürcüstana keçir, amma burda da çox ləngimir, 7 ay əvvəl dar ağacından qurtulduğu Bakıya yenidən qayıdır və qeyri-leqal fəaliyyətlə məşğul olur, Bakıda partiyanın gizli komitəsinin üzvü seçilir.

Ağamirovun gəmiylə Həştərxana yola düşən, sonradan qaytarılb Bakıda türməyə salınan, daha sonra yenidən gəmiyə mindirilən və Krasnovodska yola salınan “26-lar”ın sırasında nədən olmaması aydın deyil. Heç sonradan sovet dövlətinin rəhbərlərindən birinə çevrilmiş Anastas Mikoyanın da orada olmamasının ciddi izahatı yoxdur. Lakin belə bir əfsanə var ki, Mikoyan bir qrup bolşeviklə özünü atəş altına ataraq 26-ları türmədən xilas edib və onları gəmiyə mindirərək, Həştərxana yola salıb, sadəcə, gəmi dənizdə olarkən onun şəxsi heyəti arasında olan daşnaklar, eserlər, ingilis agentləri gəmini Türkmənistan sahillərinə istiqamətləndiriblər və komissarları Türküstan hökumətinə təhvil veriblər.

Elədirsə, Mikoyan özü nədən komissarlarla birlikdə Həştərxana getməyib, ingilislərin qurduğu “Sentrokaspi” diktaturasının əlində olan, bu gün-sabah türk ordusunun azad edəcəyi Bakıda qalıb?

Bir neçə dəfə ölümdən, təqibdən qurtulması Suren Ağamirovun o dönəmdə şanslı olmasından xəbər verir. Elə cəmi 21-22 yaşındaykən, 1920-ci ilin mayından 1921-ci ilin oktyabrına qədər Bakının neft sənayesinə rəhbərlik etməsi və Azərbaycan kompartiyasının mərkəzi komitəsinin üzvü seçilməsi də onun bəxtli və fəal biri olmasından xəbər verir.

Ancaq Ağamirov Bakıda yetişdiyi yüksək mənsəbə sığışmayıb, buna onun erməni damarı mane olub. O, bir sıra tərəfdarları ilə Azərbaycan kompartiyasının rəhbərliyi ilə Nəriman Nərimanovla münaqişəyə girib. Bu münaqişənin adı “Şərqdə siyasət məsələləri üzrə fikir ayrılığı” olub.

Həqiqətdə isə bu məsələ sırasında Ağamirovun da olduğu erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq iddiası ilə bağlı olub. Onlar Qarabağ məsələsində olduqca prinsipial mövqe tutan Nərimanova qarşı qiyama qalxıblar, Dağlıq Qarabağ məsələsini yenidən ortaya atıblar. 1921-ci il iyunun 26-da Azərbaycan XKS-nin qərarı ilə Ermənistanın Dağlıq Qarabağda olan nümayəndəsi Mravyanın fəaliyyəti qadağan olunaraq xətm edilib. Nərimanovun xətti qalib gəlib, Ağamirovun dəstəsi uduzub. Bundan sonra onun Bakıda qalması mümkün olmayıb və araqarışdıranlardan biri olduğuna görə KP(b)MK-nın qərarı ilə “gəmidə oturub gəmiçi ilə dava edən” Ağamirov Azərbaycandan uzaqlaşdırılıb, Bryanska rəhbər vəzifəyə göndərilib.

Sonradan Ağamirov Lyudinov, Sukremlsk maşınqayırma zavodlarının, daha sonra Maltsev dövlət zavodunun direktoru olub.

Ancaq Suren Ağamirovun şansı sona qədər yavər getməyib. Əksər köhnə bolşeviklər kimi, 37-ci ilin repressiya dalğası onu da 38 yaşındaykən haqlayıb. Ağamirova antosovet terrorçu təşkilatda iştirak ittihamı irəli sürüblər və 1938-ci iilin mart ayının 19-da, 20 il əvvəl Bakıda törətdiyi qətliamın ildönümündə güllələyiblər.

Stalin repressiyası heç də həmişə günahsızları vurmayıb, bir xeyli günahkarları da layiqli cəzalarına yetirib.