17 Aprel 2019  www.xeber24.az

“Sevinc Tənha Analara Dəstək” qrupunun sədri Pərvin Babayeva ilə müsahibə -“Qazandığımız ən böyük uğur insanların sevincidir.”

 

  • Salam Pərvin xanım, zəhmət olmasa özünüzü oxucularımıza (izləyicilərimizə) təqdim edin. Pərvin Babayeva kimdir?

Xoş gördük. Adım Pərvin Babayeva, Bakı şəhərində anadan olmuşam, 8 saylı orta məktəbi bitirmişəm və Moskva Texnologiya Universitetinin məzunuyam. Hal-hazırda isə “Sevinc Tənha Analara Dəstək” Qrupunun təsisçisiyəm.

  • Necə oldu ki, “Sevinc Tənha Analara Dəstək” İctimai Birliyini yaratmaq qərarına gəldiniz?

2004-cü ildə, ölkəmizin Birinci xanımı, vitse-prezident Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunu yaradarkən mənim 18 yaşım var idi. Və mən, Heydər Əliyev Fondunun gördüyü işləri addım-addım izləyərək Mehriban xanım Əliyevanı özümə nümunə olaraq götürmüşdüm. Bu gün “Sevinc Tənha Analara Dəstək” Qrupunu Mehriban xanım Əliyevanın biz gənclərə vermiş olduğu örnək sayəsində yaratmışam. Sadəcə olaraq, hələ ki, ictimai birlik adını daşımırıq, “Sevinc Tənha Analara Dəstək” Qrupu kimi fəaliyyət göstəririk. Fikrimiz var ki, gələcəkdə sənədlərimizi ictimai birlik kimi qeydiyyatdan keçirək.

  • Bəs “Sevinc Tənha Analara Dəstək” Qrupu neçə ildir ki, fəaliyyət göstərir?

“Sevinc Tənha Analara Dəstək” Qrupu 2015-ci ildən fəaliyyət göstərir. Fəaliyyətimizə mənim şəxsi işlərimlə bağlı 1 il ara vermişdik, amma bu il, 2019-cu ildən etibarən yenidən fəaliyyətə başlamışıq.

  • Bəs fəaliyyətdə olduğunuz müddətərzində qazandığınız ən böyük uğur və ya uğurlar nələrdir?

Qazandığımız ən böyük uğur insanların sevincidir. Gördüyümüz işlərə nəzər salsanız, görərsiniz ki, bura başsız ailələrə, tənha analara dəstək olmağımız daxildir. Biz həmin ailələrə ərzaq yardımları edirik, hər hansısa sosial problemləri varsa, o problemləri həll etməyə çalışırıq. Bugünə qədər serebral iflicdən əziyyət çəkən bir uşağı əməliyyat etdirmişik, onlarla atasız uşağı sünnət etdirmişik. Hal-hazırda Bakıda, Bakıətrafı kəndlərdə və rayonlarda yardım kompaniyaları ilə məşğul oluruq.

  • Gördüyünüz işlərdə tez-tez mi maneələrlə üzləşirsiniz?

Yox, maneələrə rast gəlmirik, sadəcə, bəzən ailələrlə problemlər yaşayırıq, amma bu problemləri də aradan qaldırmağa çalışırıq. Biz daha öncə araşdırmadan heç bir ailəyə yardım göstərmirik, çünki sonrasında araşdırdığımızda bəzi yalanlarla qarşılaşa bilirik.

  • Ətrafınızda olan insanların gördüyünüz işlərə reaksiyası necədir? Bütün bu fəaliyyətinizi necə qarşılayırlar?

Təbii ki, insanlar tərəfindən xoş qarşılanır. Sadəcə bəzən “Nəyə görə bu işi görürsən?” və ya “Bu işi görməklə nə təmanna güdürsən?” kimi suallarla da qarşılaşıram və hər dəfəsində o insanlara bildirirəm ki, biz bu işi görməklə sadəcə zövq almış oluruq, həm özümüz, həm də ətrafımızda bizlə bərabər olan insanlara savab qazandırmış oluruq. Həmçinin biz insanlara yardım etməyi özümüzə borc bilirik.

  • Bəs ətrafınızda olan həmin insanlar işlərinizdə sizə dəstək olur mu?

Təbii ki, çünki dəstəksiz bu işləri görə bilmərik. Mən xeyriyyəçi deyiləm, mən vasitəçiyəm.

  • Bəs Pərvin Babayevaya görə əsl xeyriyyəçi necə olmalı və hansı xüsusiyyətlərə malik olmalıdır?

Bəzən “Niyə gördüyünüz işləri paylaşırsınız, piyar edirsiniz?” kimi suallarla qarşılaşıram və həmin insanlara anlatmağa çalışıram ki, bütün bu işləri öz şəxsi hesabıma etmirəm, əgər bu xeyriyyə işlərini öz şəxsi hesabıma etsəydim, o zaman bunları piyar şəklində paylaşmazdım. Mən bu işləri digər insanların vasitəsilə həyata keçirirəmsə, o zaman özümə borc bilirəm ki, bunları fotoşəkil və ya hesabat şəklində paylaşıb bölüşüm. Ümumiyyətlə, biz gördüyümüz bütün işləri hesaba alırıq, bu işlər haqqında hesabatlar hazırlayırıq.

  • Bəs bu işlərdə sizə dəstək olan ən yaxın insan kimdir? Sizə motivasiya mənbəyi olan insan kimdir?

Mənim anam. Baxmayaraq ki, ilk əvvəl bu işə başladığımda həddindən artıq narazı idi, mənə görə çox qorxurdu. Amma sonradan əldə etdiyim uğurları, göstərdiyimiz yardımlardan sonra insanların necə xoşbəxt olduqlarını gördükdən sonra, bayramlarda, xoş günlərdə həmin insanların məni adicə bir telefon zəngiylə yada salıb təbrik etmələri artıq anamda mənə qarşı inam yaratmış oldu və ondan sonra mənə yaxından dəstək olmağa başladı.

  • Bəs Pərvin Babayevanın idealı kimdir?

Həyatda idealım yalnızca özüməm.

  • Bəs həyatdakı şüarınız?

Yetkinlik yaşıma çatdığım gündən etibarən öz ayaqlarım üzərində durmağı bacarmaq və güclü olmaq.

  • Sizin fikrinizcə, ölkəmizdə baş verən erkən boşanmaların başlıca səbəbi nələrdir?

Əsas səbəbi 2 insanın bir-birini yetərincə tanımayıb ailə qurmasında görürəm. Bəli, statistikaya bu yaxınlarda baxmışam və görürük ki, ölkəmizdə erkən boşanmaların sayı getdikcə artır, mənim fikrimcə bunun bir səbəbi də valideynlərin inadı, valideynlərin təkidilə ailələrin qurulmasıdır ki, bu da nəticədə boşanmalara səbəb olur. Ailə quran hər 2 insan mütləq bir-birini tanımalı, bir-birlərini mənfi və müsbət cəhətləri ilə qəbullanmalıdırlar, qəbullanmağı bacarmalıdırlar.

  • Bəs sizcə bu hallara təhsil səbəb ola bilər?

Təbii ki, təhsilin də bu məsələdə böyük rolu var, amma məsələyə digər tərəfdən yanaşaq, məgər keçmişdə təhsilin bu dərəcə inkişaf etmədiyi dövrlərdə qurulan ailələr daha uzunömürlü olurmurdu mu? Mənim fikrimcə, uşaqların təlim və tərbiyələrində, böyüdülməsində təhsilin rolu böyükdür. Təhsili olmayan valideyn gələcəkdə uşağına doğru yol göstərməkdə də çətinlik tapacaq, uşağın hansısa elmlə bağlı verdiyi suala cavab tapa bilməyib aciz durumda qalacaq, buna görə ailədə, sağlam ailələrin qurulmasında təhsilin rolu böyükdür.

  • Bəs sizcə Azərbaycanda qadın (ana) olmaq , yoxsa kişi (ata) olmaq daha çətindir?

Təkcə Azərbaycanda deyil, bütün dünyada qadın olmaq daha çətindir. Çünki qadın anadır. Qadın cəmiyyəti tərbiyələndirən varlıqdır. Qadın doğuşdan güclüdür. Əgər kişilər fiziki cəhətdən güclüdürlərsə, qadınlar psixoloji olaraq daha güclü varlıqlardır.

  • İşinizlə bağlı gələcək planlarınız nələrdir?

26 May 2019-cu ildə “Gələcəyin ən yaxşı sərmayəsi etdiyimiz yaxşılıqlardır” adlı konfrans keçirməyi planlaşdırırıq. Konfransda insanlara həm gördüyümüz işlərlə bağlı məlumatlar verməyi, həm də maarifləndirici fikirlər səsləndirməyi düşünürük. Bununla yanaşı, ictimai birlik adını almaq üçün dövlət qeydiyyatından keçmək də əsas məqsədlərimizdəndir.

  • Sonda oxucularımıza (izləyicilərimizə) nə demək istəyirsiniz?

“Sevinc Tənha Analara Dəstək” Qrupu olaraq sözüm yalnız qadınlaradır. Güclü olun, təkcə fiziki yox, həm də mənən güclü olmağa çalışın! Çünki cəmiyyətimizə güclü qadınların ehtiyacı var!

 

Fariz Eyvazlı