1 iyul 2019 www.xeber24.az

25 İyun 2019-cu ildə Sabunçu Gənclər Evi“Azərkitab” Kitab Təbliğatı Mərkəzinin tərəfdaşlığı çərçivəsində Çingiz Abdullayev Sabunçu Gənclər Evində gənclərlə görüşüb.

Görüşdə Sabunçu Gənclər Evinin kitab və teatr klubunun üzvləri Çingiz Abdullayevin “Böyük oyun” əsərini həvəskar olaraq hazırlayıb canlandırıblar. Təqdimatdan sonra gənclərimizin yazarımız üçün keçirdiyi video sorğu izlənilib.

200-ə yaxın gəncin iştirakı ilə keçirilən görüşdə Çingiz Abdullayev əsərlərindən danışaraq həm onlara nəsihətlər verib, suallarını cavablandırıb, həm də kitablarını imzalayaraq şəkillər çəkdirib.

Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Sabunçu Gənclər Evinin əsas məqsədi gənclərin sosial və fərdi inkişafına, cəmiyyətdə demokratik iştirakçılığına, onların intellekt səviyyəsinin yüksəldilməsinə nail olmaq və gənclər üçün sağlam mühitin formalaşdırılmasıdır. Sabunçu Gənclər Evi indiyə qədər keçirdiyi yerli və beynəlxalq layihələrlə, həmçinin daimi fəaliyyət göstərən 15-ə yaxın klub və dərnək ilə minlərlə gənci öz ətrafında toplayıb.

 

 

Fariz Eyvazlı