7 Noyabr 2019 www.xeber24.az

Avropa Liqasının qrup mərhələsində bu gün keçiriləcək APOEL – “Qarabağ” matçı öncəsi Qurban Qurbanovun mətbuat konfransı baş tutmayıb.

Xeber24.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, buna Kiprdən olan jurnalistlərin mətbuat konfransına qatılmaması səbəb olub.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, Kiprdə oyuna maraq gözlənilən səviyyədə deyil.

“APOEL-in baş məşqçisi Tomas Dollun mətbuat konfransında cəmi 6 jurnalist olub. Həmin konfrans da şəhərin əks istiqamətində, APOEL-in məşq bazasında olub. Buna görə də bir saat sonra keçirilən Qurban Qurbanovun mətbuat konfransında iştirak edə bilməyiblər”, – deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Kiprdən olan jurnalistlərin Qurbanovun mətbuat konfransına qatılmaması sosial şəbəkələrdə hörmətsizlik kimi dəyərləndirilib. Onu da əlavə edək ki, Azərbaycandan Kiprə  jurnalist yollanmayıb