10 May 2019 www.xeber24.az

07 May 2019-cu il “Azərkitab” Kitab Evində Avrasiya Araşdırmalar İctimai Birliyinin sədri, millət vəkili Qənirə xanım Paşayevanın və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri xanım Arzu Bağırovanın dəvətilə ölkəmizə təşrif buyuran türkiyəli yazıçı, təsəvvüf alim, Türk Qadınlar Mədəniyyət Dərnəyinin sədri Camalnur Sarqutun azərbaycanlı oxucuları ilə görüşü, yazarın qələminin ən gözəl nümunələrindən olan “Can-ı Candır Hz. Əhməd Məhəmməd Mustafa” adlı kitabın təqdimatı və imza günü keçirilib. Tədbirə öz ürək sözlərilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri xanım Arzu Bağırova başlayıb və tədbir açıq elan olunub. Həmçinin, Arzu xanım bildirib ki, bu türkiyəli yazarın ölkəmizdə qonaq olduğu ikinci gündür və bundan öncə İlahiyyat İnstitutunda, Dini Məsələlər üzrə Dövlət Komitəsində, Azərbaycan Milli Elmlər Akademiyasında oxucular, şəhid ailələri və qazilərlə silsilə görüşlər və simpoziumlar keçirilib. Camalnur Sarqut tədbirə toplanan iştirakçılarla kitab haqqında fikirlərini paylaşıb və tədbir boyunca oxucuların suallarını cavablandırıb. Sonda, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri xanım Arzu Bağırova Xəbər24-ə müsahibə verib və qeyd edib ki, Camalnur Sarqut xanımın iştirakı ilə artıq bir sıra silsilə simpoziumlar keçirilib, habelə İlahiyyat İnstitutu ilə uğurlu əməkdaşlığın başlanğıcı qoyulub.

Fariz Eyvazlı