13 avqust 2019 www.xeber24.az

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonu yumurta atəşinə tutublar. Hadisə eks-prezident dindirilmə üçün çağırıldığı Dövlət Təhqiqatlar Bürosunun binasını tərk edərkən baş verib. P.Poroşenko vergi ödəməkdən yayınmaya görə şahid qismində istintaqa çağırılıb.

Ukrayna KİV-in məlumatına görə, “yumurta hücumu” zamanı keçmiş prezidenti müdafiə edənlər də tapılıb.

İki saat yarım çəkən dindirilmədən sonra Poroşenko mətbuatla ünsiyyətdən imtina edib. Onun vəkili İqor Qolovan jurnalistlərə eks-prezidentin istintaqın suallarına bacardığı kimi hərtərəfli cavab verdiyini bildirib. Vəkil həmçinin qeyd edib ki, müdafiə etdiyi şəxs istintaqa sırf vəziyyətdən şou yaratmaq üçün dəvət olunur.

Xatırladaq ki, Poroşenko bundan öncə də küçədə hücuma məruz qalmışdı.

Fariz Eyvazlı