Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 22 saylı binası üzrə 1 mənzil, 23 saylı binası üzrə 54 mənzil, 24 saylı binası üzrə 58 mənzil, 25 saylı binası üzrə 60 mənzil, 26 saylı binası üzrə 15 mənzil və 27 saylı binası üzrə 60 mənzilin, ümumilikdə 248 mənzilin satışı 25 dekabrda saat 11:00-da başlayacaq və 30 dekabr saat 11:00-dək davam edəcək.

“Xeber24.Az” xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib.

Bildirilib ki, MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 27 dekabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.