7 sentyabr 2019 www.xeber24.az

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda boşanmaların qarşısının alınması üçün təkliflər səsləndirib.

Deputat açıqlamasında deyib ki, boşanmağı düşünən ailələrə vaxt verilməlidir.

Onun sözlərinə görə, qeydiyyat şöbələrində barışıq missiyası olan qurumlar olmalıdır ki, boşanmaq istəyənlərə vaxt versinlər:

“Bundan başqa, valideynlər də öz tövsiyələri ilə ər-arvadı bu yoldan çəkindirməlidirlər”.

Millət vəkili boşanmaların səbəblərindən də söz açıb. A.Naxçıvanlının fikrincə, cütlüklər ailə qurarkən dərindən düşünmür və tələskənliyə yol verirlər:

“Gənclər bəzən şan-şöhrətə aldanıb ailə qururlar. Yerlərdə maarifləndirmə işləri zəif gedir. Əlbəttə ki, ailələrin də böyük nöqsanları var. Valideynlər gənclərin evlənməsi məsələsinə çox ciddi yanaşmır”.

Qeyd edək ki, 2019-cu ilin altı ayında qeydiyyat şöbələri tərəfindən 8257 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 7219 olub.