2 iyul 2019 www.xeber24.az

Bir müddət Rusiyada həbsdə olan, sonradan azadlığa buraxılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov 2 iyul 2019-cu il Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransı zamanı həbsinin təfərrüatını açıqlayıb.

Fuad Abbasov Bakıda jurnalistlərə bildirib ki, 2019-cu il mayın 16-da ona heç bir xəbərdarlıq edilmədən saat 11-də, ev paltarında səhər yeməyi almaq üçün mağazaya gedən vaxt binanın həyətində üç nəfər mülki geyimdə hücum edib:

“Əvvəlcə düşündüm ki, mənə hücum edənlər quldurdur və müqavimət göstərdim. Onlar mənə ağır xəsarət yetirdi, küçəyə çıxdım və polis çağırdım. Bir nəfər mənə yaxınlaşdı və polisdən gəldiyini bildirib. Həmin vaxt əlimi arxaya apardılar, qandal taxıldı, sonra mikroavtobusun içinə saldılar. Məni Ximki şəhərinə gətirdilər. Orada bildirdilər ki, Rusiyada yaşamaq üçün verilən icazə müddətim bitib. Qarşıma adımdan yazılan ərizəyə imza atmağımı istədilər, lakin razılaşmadım. Daha sonra Rusiyadan deportasiya olunmağıma qərar verildi”.

Həmçinin, Fuad Abbasov bildirib ki, iyunun 6-da məhkəmə qərarına əsasən, o, Rusiyanı tərk etməyi könüllü olaraq özü istəyib:

“İyunun 7-də Azərbaycana gəlməyim üçün hava limanına getdim. Hava limanında naməlum şəxs tərəfindən Azərbaycana deportasiya olunmağımın da qarşısı alındı və məni təkrar təcridxanaya göndərdilər. Həmin gündən aclıq aksiyasına başladım. Daha sonra öz hesabıma bilet almağıma baxmayaraq, Azərbaycana gəlmək cəhdimin qarşısı alındı. Düşünürəm ki, Rusiya hüquq-mühafizə orqanları həbs müddətimin uzadılması üçün hətta evimdə axtarış apardılar”.

Jurnalist Rusiyada ona qarşı təzyiqlərin və deportasiya edilməsinin sifarişli olduğunu bildirib və deyib ki, Rusiyaya girişinə 50 illik qadağa qoyulub.

Fuad Abbasov bir daha Rusiyaya qayıtmayacaq: “Həbsimi ermənilər sifariş edib.”

Məhkəmənin çıxardığı hökmdən verdiyim apellyasiya şikayəti təmin olunsa belə, bir daha Rusiyaya qayıtmayacağam.

O qeyd edib ki, deportasiya olunması üçün Ximki şəhər Məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti verib:

“Şikayətim təmin olunsa və Rusiyada yaşamaq hüququm bərpa edilsə belə, heç zaman Rusiyaya qayıtmaq fikrində deyiləm. Əsas odur ki, haqqım bərpa olunsun”.

Fuad Abbasov deyib ki, həbsinin və deportasiya olunmasının əsl sifarişçiləri arasında Rusiya ermənilərinin liderləri durur.

Fariz Eyvazlı