06 Aprel 2019 www.xeber24.az

Mart ayında Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən ölkənin müxtəlif rayonlarında fermerlərin maarifləndirilməsi ilə bağlı silsilə təlimlər keçirilib.

Fermerlərin maarifləndirilməsi ilə bağlı təlimin ilk mərhələsi Xaçmaz, Lənkəran, Şəki, Qax və Tovuz rayonunda baş tutub.

Təlimlər dövlət və özəl qurumların mütəxəssisləri tərəfindən həyata keçirilib. Yeni bazarlara çıxış imkanları, məhsulların satışında marketinqin və brendləşdirmənin önəmi, aqrar biznesdə qadın sahibkarlığın əhəmiyyəti mövzusunda Dövlət Aqrar Ticarət Şirkəti, “Yaşıl dəhliz” buraxılış sistemi və sadələşdirilmiş ixrac prosedurları mövzusunda Dövlət Gömrük Komitəsi, maliyyə savadlılığı mövzusunda Maliyyə Bazarlarına Nəzarət Palatası və Paşa Bank, Qlobal GAP, məhsulların sertifikatlaşdırılması mövzusunda isə Baku Management Consulting and Services Şirkətinin ekspertləri tərəfindən mühazirələr oxunub, müzakirələr aparılıb, iştirakçı fermerləri maraqlandıran suallar cavablandırılıb.

Dövlət Aqrar Ticarət Şirkətinin Layihələrin idarəolunması şöbəsinin müdiri Röyal Şirinov layihənin ilkin mərhələsinin yekunları barədə məlumat verib. O bildirib ki, fermerlərin maarifləndirilməsi layihəsi davam etdiriləcək:

“Bir ay ərzində 5 rayonda fermerlərin maarifləndirilməsi layihəsinin ilkin mərhələsi uğurla həyata keçirildi. İnteraktiv şəkildə keçirilən təlim zamanı fermerləri maraqlandıran suallar cavablandırıldı. Keyfiyyətli məhsul istehsalının artırılması, istehsal edilmiş məhsulların satışının və ixracının təşkil edilməsi ilə bağlı məlumatlar fermerlərin diqqətinə çatdırıldı. Fermerlərin layihəyə marağı olduqca yüksək idi. Buna görə də gələcəkdə layihənin digər rayonlarda da təşkilini, mövzuların daha da genişləndirilməsini, eyni zamanda xarici ekspertlərin layihəyə cəlb olunmasını nəzərdə tuturuq. Bütövlükdə məqsədimiz fermerlərimizin keyfiyyətli məhsul yetişdirilməsi, satış və ixrac sahəsində biliklərinin artırılmasına nail olmaqdır.”

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin əsas məqsədi iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişafını sürətləndirmək, dövlətin həyata keçirdiyi aqrar siyasət konsepsiyasına dəstək olmaq, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxışını təmin edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını təmin etmək, bununla da ölkə iqtisadiyyatına töhfə verməkdən ibarətdir.