16 May 2019 www.xeber24.az

Terror qruplaşması ETA-nın siyasi lideri olaraq tanınan və 2002-ci ildən qaçaq olaraq fəaliyyət göstərən, eləcə də, adı beynəlxalq axtarışa verilən Xose Antonio Urrutikoetxea Fransada yaxalandı.

Bu barədə xəbəri İspaniya Daxili İşlər Nazirliyi mətbuat xidməti yayıb, belə ki, xəbərdə ölkənin şimal-şərqində yerləşən Bask bölgəsinin müstəqilliyi üçün mübarizə aparan və AB terror qruplaşmaları siyahısında yer alan ETA-nın liderinin həbs edildiyi qeyd olunub. İspaniya mətbuatının “ETA-nın tarixi lideri” adlandırdığı Josu Terneranın Fransada otel olaraq fəaliyyət göstərən tarixi bir binada yaşadığı açıqlanıb.

Antonio Urrutikoetxea olaraq da bilinən 69 yaşlı Ternera 1987-ci ildən etibarən Saraqosada jandarm binasına təşkil edilən basqınla əlaqədar olaraq polis tərəfindən axtarılırdı. 2002-ci ildə 11 nəfərin ölümündə təqsirkar bilinən ETA başçısı barəsində beynəlxalq axtarış əmri verilmişdi. Qeyd edək ki, ETA lideri 2002-ci ilin 14 noyabrından qaçaq olaraq fəaliyyət göstərib.

Bask bölgəsinin azadlığı üçün qurulan və ümumilikdə 800-dən çox nəfərin ölümündə günahlandırılan ETA terror qruplaşması 2011-ci ilin oktyabrında silahlı qarşıdurmaları tamamilə dayandırdığı, bundan əlavə 2018-ci ilin may ayında terror qruplaşmasının tamamilə ləğv olunduğu barədə xəbər yaymışdı.

Fariz Eyvazlı