28 iyun 2019 www.xeber24.az

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı bir Azərbaycan və bir Ermənistan vətəndaşı geri qaytarılıb.

Komitədən verilən məlumata görə, bugünkü təhvilvermə beynəlxalq sərhəddə – Ermənistanın İcevan və Azərbaycanın Qazax şəhərləri arasındakı yolda baş tutub.

Azərbaycan vətəndaşı bu il martın 16-da beynəlxalq sərhəddən Ermənistana, Ermənistan vətəndaşı isə 2017-ci il iyunun 20-də tarixində beynəlxalq sərhəddən Azərbaycana keçib.

BQXK saxlandığı dövr ərzində və eləcə də öz ölkələrinə təhvilvermədən əvvəl həmin şəxslərə mütəmadi olaraq baş çəkərək, onların saxlanma şəraitini və onlarla necə davranıldığını qiymətləndirib.

Xatırladaq ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.

Fariz Eyvazlı