7 sentyabr 2019 www.xeber24.az

Bu gün bütün MMA-sevərlərin diqqəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə olacaq.

Rusiyalı (dağıstanlı) Həbib Nurməhəmmədov UFC-nin yüngül çəkisində çempionluq kəmərini qorumaq üçün müvəqqəti çempion amerikalı Dastin Puarye ilə qarşılaşacaq.

30 yaşlı Həbib bugünədək MMA-da 27 döyüş keçirib və hamısında qalib gəlib. Onun həmyaşıdı Puarye isə 25 döyüşdən yalnız beşində uduzub. Həbib çempionluq kəmərini ötən ilin aprelində əldə edib. Həmin vaxt amerikalı Al Ayakvinta ilə döyüşdən sonra hakimlərin yekdil qərarı ilə qələbə Həbibə verilib. Daha sonra oktyabrda Həbib titulunu irlandiyalı Konor Makqreqorla döyüşdə qoruya bilib.

Bu, Həbibin Makqreqorla döyüşdən sonra doqquz aylıq diskvalifikasiya olunmasından sonra ilk döyüşü olacaq. Bu döyüşə Makqreqorun da gəlib baxacağı gözlənilir. Hər halda irlandiyalının özü belə deyib. Lakin təşkilatın rəhbəri Deyna Uayt cümə axşamı bildirib ki, onunla bir gün əvvəl danışıb və Makqreqor BƏƏ-yə gəlməyəcək.

Yeri gəlmişkən, Nurməhəmmədov bu döyüşdən Makqreqorla görüşdən daha çox pul qazanacaq. O vaxt Həbib yayım və reklam gəlirləri çıxılmaqla, iki milyon dollar qazanmışdı. İndi isə bu rəqəmin ən azı altı milyon dollar olacağı deyilir.

Puarye isə Həbiblə görüşdə tarix yazmaq niyyətində olduğunu açıqlayıb:

“Məni, sadəcə, sındırmaq mümkün deyil. Mən tarix yazmaq üçün buradayam. Döyüş günü axşam da bunu onun üzünə deyəcəyəm. Heç vaxt heç kimin edə bilmədiyi işi etmək üçün buradayam. Döyüş axşamı mənim böyük olmaq imkanım olacaq”.

Hazırda amerikalı ardıcıl beş döyüşdür ki, qələbə qazanır. Onun sonuncu yenilgisi 2016-cı ildə Maykl Consona uduzarkən qeydə alınıb. Ondan sonra Puarye Maks Holouey, Edi Alvares, Castin Qeyci, Entoni Petis və Cim Mileri məğlub edib.

Həbib də bu rəqibinə hörmətlə yanaşır:

“Puarye təcrübəli döyüşçüdür. O, güclü uşaqları məğlub edərək, titul döyüşündə çıxış etməyi haqq edib. Mənim növbəti rəqibim olmağa isə yalnız Toni Ferqyuson layiqdir”.

Ferqyuson isə ehtiyat döyüşçü olmadığını bildirib. O qeyd edib ki, heç vaxt ehtiyat döyüşçü olmayıb. Ferqyuson bu döyüş barədə fikirlərini də açıqlayıb:

“Mən düşünürəm ki, Həbib bu döyüşdə qalib gələcək. Baxmayaraq ki, Puaryedə də boks bacarığı pis deyil. Həbib güləşdə güclüdür və məncə, o, döyüşü parterdə aparacaq. Əgər Puarye döyüşü tez bir zamanda başa çatdıra bilməsə, yerdə olacaq. Həbib yerdə onu döyməyə başladığı vaxt oyun bitmiş deməkdir”.

Bu dəfə Həbibin atası və məşqçisi Əbdülmanaf Nurməhəmmədov da iş başında ola biləcək. Ata Nurməhəmmədov “Qartal” ləqəbli oğlunun Makqreqorla ABŞ-dakı görüşünə viza səbəbindən gedə bilməmişdi.

Bu döyüşdə əksəriyyət Həbibin qələbəsini proqnozlaşdırır. Məşhur idmançılar fikirlərində bildirir ki, hələ də Həbib güclüdür və onu MMA-da məğlub etmək mümkün deyil. Puarye isə 25 dəqiqəyə güclü rəqibini məğlub edəcəyinə inanır.

Qeyd edək ki, UFC-242 turniri Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Həbib Nurməhəmmədovla Dastin Puaryenin görüşünün təxminən saat 23:30-a təsadüf edəcəyi gözlənilir. Yarış Azərbaycanda “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.