26 avqust 2019 www.xeber24.az

I vitse-prezident Mehriban Əliyevaya həsr olunmuş filmin təqdimatı keçirilib.

“Mesanat” adlanan filmin təqdimatı bu gün “Nizami” kino mərkəzində baş tutub.

Film Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “EL-1” idman təşkilatı və Gənclərin Əməkdaşlıq Liqası (GƏL) tərəfindən istehsal olunub.

Filmin ssenari müəllifi və rejissoru “EL-1” idman təşkilatının rəhbəri, peşəkar karate üzrə üçqat dünya çempionu Elçin Çobanzadədir.

Elçin Çobanzadə bildirib ki, filmdə XX və XXI əsrin iki böyük xeyriyyəçisi Hacı Zeynalbidin Tağıyev və Heydər Əliyev Fondunun prezidenti, I vitse-prezident Mehriban Əliyevadan bəhs olunur.

Filmdə əməkdar artist Bəhram Bağırzadə, xalq artistləri Alim Qasımov, Səkinə İsmayılova, millət vəkili Rəşad Mahmudov, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və psixoloq Təranə Məhərrəmova çıxış ediblər.

Nizami kino mərkəzində keçirilən təqdimatda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, olimpiya çempionu Namiq Abdullayev, Daxili İşlər Nazirliyinin, Dövlət Neft Şirkətinin, Dövlət Gömrük Komitəsinin, Ali Məhkəmənin, Dövlət Sərhəd Xidnətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu gün Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.