Dünya autizm məlumatlandırma günü

0
1503

02 Aprel 2019 www.xeber24.az

 

Autizm – erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin yaşanması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir.

Bütün dünyada olduğu kimi, autizm ölkəmizdə də XXI əsrin ən qlobal problemlərindən başlıcası hesab edilir. Aparılmış tədqiqatlara əsasən qeyd edək ki, dünya əhalisinin təxminən 1 faizi, yəni 70 milyon əhali autizmdən əziyyət çəkir. Autizm son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri halına çevrilmişdir. Məlum olduğu kimi, bu xəstəliyin müalicəsi yoxdur. Autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verməyə başlayır. Ən dəqiq diaqnoz 3 yaşında qoyulsa belə, valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir.

Autizmin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmış olanları Asperger sindromu, atipik autizm və uşaq autizmidir. 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlər, ətraf mühiti anlamaqda yaranmış çətinliklər və s. kimi əlamətlər uşaq autizmi üçün xarakterikdir. Autizmin yaranmasının dəqiq səbəbləri hələ də elmə məlum deyil. Əvvəllər bu xəstəlik valideyn tərəfindən diqqətsizlik və ya uşaqlara vurulan peyvəndlərlə əlaqələndirilirsə də, son zamanlarda aparılan araşdırmalar bunu təkzib edir. Bu xəstəliyin irsilik dərəcəsi də olduqca azdır. Nəsildə autizmdən əziyyət çəkən insanlar olduqda uşaqda da bunun olması istisna deyil, lakin bu da çox az rast gəlinən haldır.

2007-ci ildən etibarən BMT-nin qərarı ilə 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur. Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də geniş miqyasda qeyd edilir və müxtəlif növ məlumatlandırma tədbirləri keçirilir.

Fariz Eyvazlı