Hər il ABŞ-da Şükran Günü bayramından sonra ilk cümə günü məşhur “Black Friday”, yəni “Qara Cümə” günü keçirilir. Bu il “Black Friday” noyabr ayının 29-na təsadüf edir.

Xeber24.az xəbər verir ki, “Qara cümə” günü “Noel” alış-veriş sezonunun başlanğıcı hesab olunur. Məhz bu gündən başlayaraq Qərb ölkələrində ənənəvi Yeni il endirimləri başlayır. Mağazalar çox erkən açılır və gec bağlanır.

“Qara Cümə”nin tarixi

Bayramın ənənəsi 1932-ci ildə ABŞ-da qoyulub. Lakin bayram 1961-ci ildən  “Black Friday” adlandırılmağa başlayıb. Həmin il qeyd olunan endirim günündə Fladelfiya ştatında uzun tıxaclar və mərkəzi rayonlarda izdihamlar yaşanıb. İzdiham zamanı bir neçə nəfərin öldüyü deyilir. Yaşanan faciələrə görə, həmin gün işıq üzü görən qəzetlər bayramı “Black Friday” başlığı ilə təqdim ediblər. Son 20 il ərzində isə demək olar bütün ölkələr “Black Friday” bayramını qeyd edir. Azərbaycandakı mağazalarda da “Qara Cümə” günü böyük endirimlər olur.

Ümumiyyətlə endirimli ticarət ənənəsinin əsası ABŞ-da qoyulub. Ənənənin banisi 1852-ci ildə anadan olmuş Frenk Vulvort sayılır. Məhz endirim fikrini ilk dəfə o irəli sürüb. Pensilvaniya ştatındakı kiçik dükanda satıcı köməkçisi işləyən gənc, endirim etmək fikrini irəli sürüb. Həmin dövrdə malların üzərində qiymətlərin yazılmadığını nəzərə alan gənc ilk dəfə məhsulların üzərinə qiymət yazmaq qərarına gəlib. O, bütün mövsüm mallarını piştaxtaya düzür və yanına “Hər şey 5 sent” yazısını qoyur. Bu, tarixə ilk endirim ənənəsi kimi düşüb. Həmin vaxtdan başlayaraq iri ticarət mağazaları Yeni il öncəsi böyük endirimlər edir, alıcıları stimullaşdırır və hədiyyələrlə mükafatlandırırlar.