З-cü DokuBaku Beynəlxalq Sənədli Film Festivalı sona çatdı.
Oktyabr ayının 2-dən 6-dək baş tutan festivalda 25 nümayişdə ümumi 38 film ekranlara gəlib. Həm yerli, həm də xarici ölkələrin istehsalı olan filmləri kinosevərlərə təqdim edən DokuBaku Müsabiqə qaliblərini elan etdi.

Təşkilatçıların Xeber24.az-a verdiyi məlumata görə ən yaxşı tammetrajlı Sənədli Film nominasiyasında qalib film Beniamino Baressenin “Anamın Yox oluşu” (İtaliya/ABŞ) (“The Disappearance of My Mother” İtaly/US) filmi seçildi. Film İtalıya, Amerika Birləşmiş Ştatları istehsalıdır. Film Sundance Film Festivalının bu ilki ən yaddaqalan filmlərindəndir. Bu film ana ilə oğlu arasındakı mübarizəni, Benedettanın azadlığının təsvirinin inadkar mübarizəsindən bəhs edir.

Ən yaxşı qısametrajlı Sənədli film nominasiyasının qalibi isə Samir Karahoda “Aralıqda”(Kosovo) (“In Between” Kosovo) filmi seçilib.

Ən yaxşı Yerli film nominasiyasının qalibi isə Leyli Qafarovanın “Bir zamanlar Şanxayda” (Azərbaycan) (“Once Upon a Time in Shangai” Azerbaijan) filmi seçilib. Mükafat olaraq, Leyli Almaniyanın Wiesbaden şəhərində keçirilən GoEast Film Festivalının nəzdində olan GoEast Talent Lab-da ödənişsiz iştirak qazanıb. Əgər mükafatçımız Leyli Qafarova Talent Lab-ın qalibi olarsa, onu 5000 avro mükafat gözləyir.

Bundan başqa, Münsiflər heyətinin xüsusi rəyi nominasiyasında Orxan Adıgözəlovun “Salaamı xilas edin!” (Azərbaycan) (“Save Salaam!” Azərbaijan) qısa filmi qalib olub.

Bu il festival ötən illərlə müqayisədə daha gözəl və müxtəlif filmləri qonaq edib. Bu isə onu göstərir ki, festival hər il böyüyür, ölkədə sənədli filmlərin inkişafı üçün münbit şərait yaranır.

Festival meneceri sənədli film rejissoru Oktay Namazov qeyd edib ki, Festivala müraciət edən 181 filmin əksəriyyəti artıq özünü təsdiqləmiş maraqlı filmlər idi. Festivala yerli filmlərdən də müraciətlər yetəri qədər idi. Festivalın digər beynəlxalq festivallarla, Beynəlxalq Film Məktəbləri ilə əməkdaşlıq etməsi böyük bir irəliləyişdir. Ümid edirik ki, gələn il müsabiqə filmləri arasında daha çox yerli filmlər görə biləcəyik.

Azərbaycanda sənədli filmin inkişafı və dəstəklənməsi məqsədlərini güdən DokuBaku-nun, hər il olduğu kimi, bu il də münsiflər heyəti 2 tərkibdən, yerli və əcnəbi kino nümayədələrindən ibarətdir.

Qalib filmlərin seçiminin yetəri qədər çətin və məsuliyyətli olduğunu deyən Helen Gerritsen də yerli filmlərin növbəti illərdə daha çox olacağına ümidli olduğunu bildirib.

Festivalın yerli kino nümayəndələrindən olan münsifi Mir Bağır isə deyir ki, 2 favorit film arasında sona kimi çətin mübarizə getdi, çətin olsa da ən yaxşı uzunmetrajlı film qalibi seçə bildik. Qalib film həm vizual nəqli, həm də güclü qəhramanı ilə digər filmləri kölgədə qoya bildi.

Festivalın qapanış mərasimi zamanı yerli filmsevərlərlə yanaşı dövlət və diplomatik nümayəndələr iştirak etmişdi. Qapanış mərasimində çıxış edən Festivalın həmtəsisçisi və direktoru İmam Həsənov bu il Festivalın keçirilməsində dəstəyini göstərən bütün tərəfdaşlara – DokuBaku BSFF-in əsas tərəfdaşları “Goethe-Zentrum Baku”, GoEast Film Festivala, Almaniya, İsveçrə, Meksika və digər səfirliklərə, “EU Delegation to Azerbaijan”, “Azərbaycan Kinematoqrafçılar İttifaqı”, “Salaam Cinema”, “The Landmark Hotel Baku, United Cultures və Azərbaycan Fransa İnstitutuna, media dəstəyi göstərən Media.az, Oxu.az Apa.az, sizinavropa.az portallarına və bütün media nümayəndələrinə təşəkkürünü bildirib. İmam Həsənov qeyd edib ki, “Bu ilki festival digər illərdən fərqi, daha doğrusu, festivalın inkişafı özünü gözəglimli şəkildə göstərə bildi. Bu həm xarici qonaqların ilk illərə nisbətdə, həm də onlar üçün yaradılmış münbit şərait və əsasən də filmlərin keyfiyyətinin daha yüksək olmasında, komandanın sevərək işə can qoymasında və s. özünü biruzə veridi”.

Bundan başqa, festivalın direktoru İmam Həsənov gələn ilin mövzusunu tamaşaçılara açıqlayıb və növbəti DokuBaku2020-nin möhtəşəm olacağını qeyd etməyi də unutmayıb. Bütün komanda üzvlərinə bir-bir təşəkərünü bildirən cənab Həsənov nitqini belə bitirib: “Sənədli kino həyatın improvizasıyanı olduğu kimi lentə ala bilən yeganə vasitədi. Bu vasitəni hiss edə bilən çox az adam var. Gəlin, biz o az adamlar olub, sayımızı çoxaldaq ki, Kinonun ətri ölkəmizdə yaşasın!”

Qeyd edək ki, məhz bu baxımdan, kinonun yaşaması və inkişafı, düşüncələrdə yeni baxış açılarının açılması, kinonun həyatda qala biməsi, DokuBaku yeganə və unikdir.

Festival Qalib filmin təkrar nümayişi ilə yekunlaşıb.

Festival bitsə də DokuBaku filmsevərləri sevindirməyə davam edəcək. Belə ki, Festivalın DokuBaku on Tour layihəsi çərçivəsində qarşıdakı aylarda regionlarda nümayişlər etməsi gözlənilir. DokuBakuLab layihəsi ilə isə sənədli film üzrə təhsil almaq istəyən gənclər üçün qaçılmaz fürsət olacaq. Restart School ilə birgə ərsəyə gələn DokuBakuLab Sənədli film təlimlərinə qəbul elan edib. Bu ildən etibarən başlayan DokuBakuLab ölkədə sənədli film inkişafında öz müstəsna rolunu indidən göstərməyə başlayıb. Təlimlərdə iştirak ödənişsiz olaraq keçiriləcək.