10 avqust 2019 www.xeber24.az

16-18 Avqust 2019-cu ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti və “Əlil Qadınlar” Cəmiyyətinin dəstəyilə Qazax rayonunda yerləşən və “Əlil Qadınlar” Cəmiyyəti tərəfindən fəaliyyət göstərən Qazax Günərzi Qayğı Mərkəzində “Dəcəl Balam” Ailə və Uşaq Mərkəzi, “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən valideynlər və uşaqlar arasında ünsiyyət və davranışın inkişafı çərçivəsində keçirilməsi planlaşdırılan “Övladım və Mən” adlı dəstək layihəsi baş tutacaq.

Qazax rayonunda fəaliyyət göstərən Qazax Rayon Günərzi Qayğı Mərkəzinin əsası 2013-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyilə “Əlil Qadınlar” Cəmiyyəti tərəfindən qoyulmuşdur.

İşləyən və əsasən də, gənc valideynlər üçün övladı və müəlliməsi ilə ünsiyyət problemi hər zaman aktualdır. Belə ki, valideynlər vaxt, zaman qıtlığı, iş stressi və s. kimi bir sıra amilləri səbəb gətirərək, övladları ilə davranışlarda bəzi xətalara yol verirlər.

Bu halda valideyn və müəllim istəmədən də olsa, uşağın psixologiyasına təsir göstərmiş olur. Uşağa ya həddindən çox bağlılıq duyulur, ya da hədsiz dərəcədə soyuqqanlılıq və ya səbrsizliklə yanaşılır.

Elə bu məqsədlə də, “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzi, “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyi ilə birlikdə bu və bu kimi bir çox problemlərə kömək olmaq məqsədilə «Övladım və Mən» valideyn, müəllimələr və uşaqlar arasında ünsiyyət və davranışın inkişafına dəstək layihəsinə başlamağa qərar verib.

Maariflənmə seminarı hər dəfə müxtəlif ailələri əhatə edəcək.

Layihə daha çox kütləyə xitab etsin deyə, ilk olaraq gənc jurnalist ailələrlə start götürüb.

Layihəyinin davamı olaraq regionlarda fəaliyyət göstərən Qayğı Mərkəzlərinə səfərlər planlaşdırılır.

Tədbirin ekspertləri qismində Medical Hospital və 4 saylı uşaq poliklinikasının ümumi pediatrı Lamiyə Tağıyeva, rəssam Lalə Ağayeva, Vəkillər kollegiyasının üzvü vəkil Ziya Bağırov, PTİY İB-nin sədri, AMEA-nın disertantı, kiabxana-biblioqrafiya sahəsini tədris edən müəllimə İradə Əlili, Turan klinikasının travmotoloq-ortoped həkimi Amir Bədəlov, oftalmoloq Səba Bayramova, müəllimə Aytən Əskərova, “Əlil Qadınlar” Cəmiyyəti İB-nin sədri Məhluqə Rəhimova, bəstəkar Sevinc Tofiqqızı və layihə rəhbəri, “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzi, “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Dilşad Musa yer alacaqlar.

Sonda qeyd edək ki, qeyd edilən komanda, əsasən, sosial problemli və fiziki məhdudiyyətli uşaqlardan ibarət olacaq. Layihə bir növ inkluziv təhsil yanaşması ilə uşaqların inkişafına dəstək xarakteri daşıyır.

Fariz Eyvazlı