Bu gün beynəlxalq uşaq kitabı günüdür

0
2952

02 Aprel 2019 www.xeber24.az

Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsi heç də təsadüfi deyil. Danimarkalı məşhur nağıl yazarı və uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olmuşdur. Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif etmişdir. 1967-ci ildə isə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən danimarkalı yazıçı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilmişdir. Bu tarix cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etmək üçün təsis edilmişdir.

Uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi ilə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədilə rəsmlərin yer aldığı kitab nəşr etdirmişdir.

XVIII əsrdə uşaqlara öz zövqlərinə uyğun şəkildə kitab seçmək imkanı yaranmağa başlandı. D.Defo və C.Sviftin yazmış olduqları “Robinzon Krunzo” (1719-cu il ) və “Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunmuşdur.

Qrim qardaşlarının nağıllar kitabı da bu baxımdan heç də diqqətdən kənarda qalmamışdır. 1846-cı ildən başlayaraq Andersenin qələmə aldığı nağılları uşaqlar bu gün də çox sevərək oxuyurlar.

XIX-XX əsrlər Azərbaycanda uşaq ədəbiyyatının inkişafı ilə yadda qalmışdır.

Hazırda Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də özünəməxsus şəkildə qeyd olunur. Həmin gün müxtəlif rəsm və kitab sərgiləri keçirilir.

Fariz Eyvazlı