11 İyun 2019 www.xeber24.az

İyunun 6-da Bakıda taksi sürücüsünü qətlə yetirən şəxslər saxlanılıb.

Bu barədə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Hadisə iyunun 7-də saat 18:00 radələrində Qaraçuxur qəsəbəsində baş verib. Belə ki, “Mercedes” markalı avtomobildən 33 yaşlı Əliyev Ədalət Ələkbər oğlunun meyiti tapılıb.

İlkin məlumata görə, Ə.Əliyev baş nahiyəsinə küt alətlə endirilmiş zərbə nəticəsində dünyasını dəyişib. Qətl meyit aşkarlanmazdan bir gün əvvəl törədilib.

İyunun 10-da 32-ci Polis Bölməsi və Suraxanı rayon Polis İdarəsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 37 yaşlı paytaxt sakini Cəfərzadə Emin İldırım oğlu və 36 yaşlı Mustafayev Azər Adil oğlunu saxlayıb.

Onların Ə.Əliyevə çoxsaylı bədən xəsarətləri yetirdiyi iddia olunur. Ə.Əliyev icarəyə götürdüyü avtomobillə sərnişin daşıyıb. Hələlik cinayətin motivi bəlli deyil. Ancaq mənbənin bildirdiyinə görə, qətl qurbanın peşə fəaliyyəti ilə əlaqədar olmayıb. Hazırda müstəntiqlər saxlanılmış şəxsləri dindirir.

Qətldə daha bir nəfərin iştirak etdiyi bildirilir. Həmin şəxs saxlanılmadığından kimliyi istintaq sirri olaraq qorunur.

Fariz Eyvazlı