Azərbaycanda hər kəs əsasən dərmanın keyfiyyəti ilə maraqlanır. Ancaq kimsə şprisin materialı, keyfiyyəti, steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmır. Təəssüf ki, bu gün insanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da mənşəyi məlum deyil.
Xeber24.az trend-ə istinadla xəbər verir ki, bunu “Diamed” şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova deyib.
Onun sözlərinə görə, Azərbaycan istehsalı olan şprislərin iç tərəfinin uc hissəsində qara rezin olmur: “Şprisin iç tərəfində qara rezin olanda həmin şprislər tam steril sayılmırlar. Yəni 3 hissədən ibarət olan şprisin bir hissəsi steril deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər. Bizim zavodun istehsal etdiyi şprislər iki hissəlidir. Artıq Avropanın qabaqcıl ölkələri belə üç hissəli şprislərdən istifadə etmir. Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar, yəni tibbi polimerlər deyil. Azərbaycan istehsalı olan şprislərdə isə tibbi xammaldan istifadə olunur. Şprisin iynələri Yaponiyanın qabaqcıl “Nipro Pharma ” şirkətinə məxsusdur. İynələr Azərbaycana hazır şəkildə gətirilir”.
S.Hüseynova bildirib ki, zavod Azərbaycanda artıq 2, 5, 10 və 20 qramlıq şpris satışına başlayıb: “Ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik. Zavodun istehsal etdiyi şprislərin qiyməti hazırda ölkədəki apteklərdə satılan digər şprislərlə eynidir, amma bizim zavodun məhsullarının keyfiyyəti olduqca yüksəkdir”.
Direktor əlavə edib ki, bu ilin may ayında açılan zavod il ərzində 150 milyon şpris istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycanın şprislərə olan tələbatını ödəyir.
O, əsas məqsədlərinin yerli bazarı keyfiyyətli şprislərlə təmin etmək olduğunu da söyləyib:
“Qısa müddət ərzində daxili təlabatı ödədikdən sonra Gürcüstan, Rusiya, İran, Türkiyə və Qazaxıstana şpris ixrac etməyi planlaşdırırıq. Növbəti illər ərzində istehsal olunan məhsulların çeşidinin artırılması nəzərdə tutulur. Zavodda tibbi kəpənəklərin hazırlanması da planlaşdırılır.