29 avqust 2019 www.xeber24.az

– Salam, zəhmət olmasa özünüzü oxucularımıza təqdim edin?

Salam, mən Münəvvər Vahabova, ABŞ-ın Nyu-York şəhərində yerləşən “Azərbaycan-Amerika Qadınlar Cəmiyyəti”nin yaradıcısı və rəhbəriyəm və 12 ildir ki, Nyu-York şəhərində yaşayıram.

– Necə oldu ki, ABŞ-a getdiniz? Ümumiyyətlə, ABŞ barəsində təəssüratlarınız nələrdir?

ABŞ-a ailəmlə birlikdə “GreenCard” vasitəsilə getmişəm və 2007-ci ildən Nyu-York şəhərində məskunlaşmışıq. Mənim üçün ABŞ bütün xalqların nümayəndələrini özündə bir araya gətirən, bütün ənənələri özündə yaşadan maraqlı bir dövlətdir. Harada ki, biz də öz vətənimizin adət-ənənələrini, incəsənətini, mədəniyyətini, mətbəxini, dilini qoruyub saxlayırıq.

– Sizcə, Azərbaycanla Amerika arasında fərqli cəhətlər var mı? Varsa nə kimi fərqlər var?

Əlbəttə ki, çox fərq var. Ən çox da bu özünü ilk getdiyinizdə büruzə verir, ilk zamanlar oraya adaptasiya olmaq çox çətin olur, amma bununla belə insan yaşadığı yerə tez bir zamanda uyğunlaşmağı bacarır. Hazırda övladlarım orada təhsil alır, bununla belə, özüm də magistr təhsilimi ABŞ-da almışam və ibtidai sinif müəllimi olaraq çalışıram.

– Çox gözəl mövzuya toxundunuz: Təhsil. Sizin fikrinizcə, ABŞ-dakı təhsil sistemilə ölkəmizdəki təhsil sistemi arasında nə kimi fərqlər mövcuddur?

Mən Azərbaycanda müəllim olaraq çalışmışam və çalışdığım dönəmdə təhsil “Sovet” təhsil sistemilə keçirilirdi, bu səbəbdən ola bilər ki, düşünürəm ki, ABŞ-da təhsil alan uşaqlara həddindən artıq çox azadlıq, sərbəstlik verilir, ibtidai sinifdə dərs saatının çox hissəsi oyunlarla keçir, bir növ orada təhsil alan uşaqlara çox əziyyət verilmir və uşaqlar həddindən artıq yüklənmir. Ancaq buna baxmayaraq, ABŞ-ın təhsil sistemini də bəyənirəm və bununla yanaşı, Azərbaycanın təhsil sistemini çox yüksək dəyərləndirirəm.

– Necə oldu ki, Münəvvər xanım “Amerika-Azərbaycan Qadınlar Cəmiyyəti”ni qurmaq qərarına gəldi?

ABŞ-a ilk getdiyimdə orada fəaliyyət göstərən cəmiyyətlərin sayı olduqca az idi və mən bu cəmiyyətlərdən birinə qoşuldum, orada fəaliyyətimi davam etdirdim, lakin sonra öz yeni fikirlərim olduğundan, habelə, qadınların daha fəal olduğunu görüb, qadınlarla daha çox işlər görülə biləcəyini nəzərə alaraq 2013-cü ildə bu cəmiyyəti (“Amerika-Azərbaycan Qadınlar Cəmiyyəti”) qurmaq qərarına gəldim. Bunu da qeyd edim ki, “Amerika-Azərbaycan Qadınlar Cəmiyyəti” yalnız azərbaycanlı qadınlardan ibarət deyil, biz türk, türkmən, rus, amerikalı qadınlarla birgə fəaliyyət göstəririk, birlikdə işlər görürük.

– Bəs “Amerika-Azərbaycan Qadınlar Cəmiyyəti”nin həyata keçirdiyi işlər nələrdən ibarətdir?

“Amerika-Azərbaycan Qadınlar Cəmiyyəti” olaraq biz ilk olaraq ABŞ-a yeni gələn azərbaycanlı qadınların oraya adaptasiya olması üçün onlara yardım göstərir, iş və evlə təmin olunmalarında, hətta bəzi ailə problemlərinin həllində onlara köməklik göstəririk. Bundan əlavə, “Xocalı soyqırımı”nı, “20 Yanvar faciəsi”ni və bu kimi bir sıra hadisələri ABŞ ictimaiyyətinə çatdırmaq üçün çoxsaylı tədbirlər keçiririk. Bayramlarımızın, adət-ənənələrimizin, dilimizin unudulmaması üçün bir sıra işlər görürük, kurslar, dərslər təşkil edirik.

– “Amerika-Azərbaycan Qadınlar Cəmiyyəti”nin Azərbaycanla nə kimi əlaqələri mövcuddur?

Cəmiyyətimizin Azərbaycanla çox sıx əlaqələri var, bir sıra təşkilatlar var ki, biz onlarla birlikdə sıx əməkdaşlıq edirik. Diasporlarla, KİV-lərilə, tanınmış şəxslərlə əməkdaşlığımız mövcuddur. Gördüyümüz işlər həddindən artıq çoxdur və ölkəmizlə daim sıx əlaqələr çərçivəsində işlər həyata keçirməyi hər zaman düşünürük.

– Bəs gələcəkdə nə kimi planlar həyata keçirməyi düşünürsünüz?

Gələcək planlarımız çoxdur. Hal-hazırda cəmiyyətimizdə gənclər qolu fəaliyyət göstərir və həmin qola daha çox üstünlük verirəm, çalışıram ki, gənclər daha çox işlərlə məşğul olsunlar və ABŞ-da yaşayan gənclərlə Azərbaycan gəncləri arasında sıx əlaqələrin qurulması yönündə bir sıra işlər həyata keçirirəm.

– Ən son olaraq, Azərbaycan gəncliyinə və xaricdə yaşayan həmyerlilərimizə söyləmək istədikləriniz nələrdir?

Mən ilk olaraq xaricdə yaşayan azərbaycanlılara birlik arzu edirəm. Bir-birlərinə dəstək olmalarına, dayaq olmalarına səsləyirəm. Azərbaycanımıza çiçəklənmək, daim inkişaf etmək, inkişafda olmaq arzu edirəm. Arzu edirəm ki, yaralı yerimiz olan Dağlıq Qarabağ problemi öz həllini tapsın. Azərbaucan gəncliyinə uğurlar diləyirəm, son zamanlar Azərbaycan gənclərinin gördükləri işlərdə çox böyük irəliləmə hiss olunur, göz qabağındadır və bu işlərində onların hər birinə uğurlar arzu edirəm.

Fariz Eyvazlı