29 Aprel 2019 www.xeber24.az

“AŞIQ ŞƏMŞİR” OCAĞI İCTİMAİ BİRLİYİNİN ÜZVLƏRİ MİR CƏLAL PAŞAYEVİN MƏZARINI ZİYARƏT EDİB

Görkəmli yazıçı, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anadan olmasının 111 illiyi münasibətilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri ədibin məzarını ziyarət ediblər.
Öncə Mir Cəlal Paşayevin xatirəsi bir dəqiqəlik sükütla anılıb, məzarı önünə əklil qoyulub, ruhuna dualar edilib.
Sonra “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək bildirib ki, təmsil etdiyi təşkilat 2013-cü ildən İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun rəhbərliyi ilə “Mir Cəlal irsinin təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri arasında Mir Cəlal Paşayevə həsr edilmiş məqalə müsabiqəsi keçirilib, ədibin Gəncə şəhərində yerləşən Ev muzeyinə BDU tələbələrinin ekskursiyası təşkil edilib, Mir Cəlal Paşayevə həsr olunmuş kitab buraxılıb. Həbib Misirov bu layihənin uzunmüddətli olacağını və layihə çərçivəsində daha böyük işlərin görüləcəyini diqqətə çatdırıb.
BDU-nun dosenti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi İdarə Heyətinin üzvü Ələmdar Cabbarlı görkəmli ədibin ədəbi və elmi yaradıcılığından, eyni zamanda pedaqoji fəaliyyətindən bəhs edib: “Mir Cəlal Paşayev Azərbaycan estetik fikrinin formalaşmasında mühüm rol oynayıb. Onun hekayələri, romanları, eləcə də “Füzulinin poetik xüsusiyyətləri”, “Azərbaycanda ədəbi məktəblər(1905-1917)” kimi elmi əsərləri ədəbiyyat və elm tariximizdə qiymətli mənbələr kimi hər zaman əhəmiyyətini saxlayacaq. Mir Cəlal müəllimin “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi bu gün də alimlərin, tələbələrin stolüstü kitabıdır. Amma Mir Cəlal müəllim hər zaman vurğulamışdır ki, ən böyük əsərim ailəmdir. Həqiqətən də bu, belədir. Vaxtilə Mir Cəlal müəllim zavallı bir Azərbaycan gəncinin manifestini yazmışdı. Bu gün isə onun övladları, nəvələri müstəqil və xoşbəxt Azərbaycanın manifestinin yazılmasında uğurla iştirak edirlər”.
Ziyarət mərasimində iştirak edən – görkəmli ədibin qızı, BDU-nun kafedra müdiri, professor Ədibə xanım Paşayeva mərasim iştirakçılarına təşəkkür edib, eyni zamanda gənclərə tövsiyələrini bildirib.

Fariz Eyvazlı