04 Aprel 2019 www.xeber24.az

Aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Aprel zəfəri – 2016” adlı tədbir təşkil edilib.

Kalbajar.com xəbər verir ki, məktəbin direktoru Ədalət Camalova çıxış edərək Aprel döyüşlərində Azərbaycan Milli Ordusunun qazandığı zəfərdən danışıb. Bildirilib ki, ordumuz bu döyüşlərdə tarixi ərazilərimizin işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə qadir olduğunu sübut edib. O deyib: “Aprel döyüşləri həm də onu təsdiqlədi ki, Azərbaycanın güclü ordusu var. Bu döyüşlər həm ermənilərə, həm də beynəlxalq aləmə göstərdi ki, Azərbaycan gəncləri Qarabağ uğrunda döyüşə hər zaman hazırdırlar. Əminik ki, işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə azad edəcəyik”.

 

Digər çıxış edənlər qazanılan qələbə sayəsində “Böyük qayıdış” prosesinin başladığını, Lələtəpə yüksəkliyinin azad olunması ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əhalisinin öz doğma ocağına qayıtdıqlarını bildiriblər. Tədbirdə şagirdlərin hazırladığı “Şəhidlər ölməz, Vətən bölünməz” ədəbi-bədii kompozisiyası nümayiş olunub.

Fariz Eyvazlı