20 Aprel 2019 www.xeber24.az

20 Aprel 2019-cu il Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tanınmış ictimai – siyasi xadim Fazil Mustafanın son 5 il ərzində nəşr olunan “XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları” (Bakı, 2015), “Düşünürüksə, varıq!” (Bakı, 2016), “Sağlam düşüncə alternativi” (Bakı, 2017), “İslam qorxusu və müsəlman qorxusu” (Bakı, 2018) və “Doğru düşüncənin hikməti” (Bakı, 2019) kitablarına həsr olunmuş “5 İlin Kitabı” adlı təqdimat mərasimi keçirilib. Tədbirdə qonaq qismində Azərbaycanın bir sıra tanınmış və ziyalı insanları iştirak edib və kitab haqqında dəyərli fikirlərini bölüşüblər. Bundan əlavə tədbirdə iştirak edən qonaqlara və KİV nümayəndələrinə deputatın sonuncu işıq üzü görmüş “Doğru düşüncənin hikməti” adlı kitab təqdim olunub. Qeyd edək ki, deputat Fazil Mustafa “Ə. Elçibəy: Tarixdən gələcəyə” (Ankara, 1995), “Azərbaycan türkünün iman davası” (Ankara, 1997), “Türk kimliyi və Azərbaycan vətəni” (Ankara, 1998), “Sümüklərimiz haqqında elegiya” (Bakı, 1999), “Ölümdən sonrakı diriliş” (Bakı, 2000), “Azərbaycanda demokratik seçki ənənələri” (Bakı, 2000), “Bir türkün manifesti” (Bakı, 2003), “Bu xalqdan o xalqa doğru” (İstanbul, 2004), “İkinci Cümhuriyyətin quruluşu” (İstanbul, 2005), “Asiyadan sivilizasiyaya” (Bakı, 2010), “Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt” (Bakı, 2012), “Hər yürüyən yolçudurmu?” (Bakı, 2013), “Zamanı tələsdirənlər” (Bakı, 2014), “Azərbaycanda türk kimliyi və saxta tarix problemi” (Bakı, 2014), “Bütöv azərbaycanlı axtarışı” (Bakı, 2014), “Bir uzaq yol ayrıcı” (Bakı, 2015), “XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları” (Bakı, 2015), “Düşünürüksə, varıq!” (Bakı, 2016), “Sağlam düşüncə alternativi” (Bakı, 2017), “İslam qorxusu və müsəlman qorxusu” (Bakı, 2018) kitablarının müəllifidir. Millət vəkili, tanınmış ictimai – siyasi xadim Fazil Mustafa Xəbər24-ə verdiyi müsahibədə tədbir haqqında düşüncələrini bölüşüb:

“Azərbaycanda kitab təqdimatını bir ənənə halına çevirmək lazımdır, biz də bu gün bu məqsədlə “5 İlin Kitabı” adlı tədbiri həyata keçiririk. Son 5 il ərzində çıxarmış olduğum kitablar haqqında belə bir tədbir keçirməmişdim, amma indi qərara aldım ki, bunu həyata keçirim. Ümumiyyətlə, bu növ tədbirlər cəmiyyətimizdə kitab mütaliəsinə olan marağı artırmaq baxımından çox faydalıdır. Azərbaycanda, hər bir kəsdə kitab sevgisi yaratmalıyıq, bu sevgini insanlara aşılamalıyıq. Sonuncu nəşr olunan kitabım “Doğru düşüncənin hikməti” adlanır və bu kitabda düşüncə, dünya görüşü ilə bağlı insanların fikirləri və mülahizələri yer alır. Digər 4 kitab isə (“XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları”, “Düşünürüksə, varıq!”, “Sağlam düşüncə alternativi”, “İslam qorxusu və müsəlman qorxusu”) dini sistemimizin təhlilinin verildiyi əsərlərdir. Ümid edirəm ki, bu tədbirin Azərbaycanda kitab ənənəsinin, kitab mütaliəsinin, kitaba olan sevginin genişləndirilməsində çox böyük faydası olacaqdır, hamımız ilk növbədə tədbirə bu məqsədlə toplaşmışıq. Eləcə də, tədbirdə iştirak edən Azərbaycanın bir çox ziyalı insanları ilə birgə bu məsələni daha ətraflı müzakirə edəcəyik.”

Fariz Eyvazlı

Loading...