29 Aprel 2019 www.xeber24.az

Aprelin 29-u dünyada Beynəlxalq Rəqs Günü (İnternational Dance Day) kimi qeyd olunur.

1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən tanınmış fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin (Jean-Georges Noverre, 29.4.1727-1810) xatirəsinə ehtiram olaraq təsis edilib.

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da Beynəlxalq rəqs günü təsis olduğu tarixdən ənənəvi olaraq hər il qeyd olunur.

Azərbaycan xalq rəqslərinin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır. Hələ eramızdan 2-3 min əvvəl, Azərbaycan ərazisində rəqslər insanların həyatında müəyyən yer tutub. Bu baxımdan Qobustan qayaüstü təsvirləri arasında “Yallı” oynayan insanların təsviri xüsusilə maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrdən rəqsə olan marağından xəbər verir.

Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.

Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.

Azərbaycan Respublikası Prezidentinin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq sahəyə olan diqqət və qayğının daha bir nümunəsidir. Belə akademiya həm də Şərq aləmində ilk dəfə bizim ölkədə yaradılıb.

Fariz Eyvazlı