17 İyun 2019 www.xeber24.az

Azəbaycançılıq ideologiyası və milli dövlətçiliyi sevən gənclər üçün ulu öndər Heydər Əliyev yolu hər zaman nümunə olub. Belə gənclər eyni zamanda ictimai-siyasi aktivlik də göstərirlər. Nicat Müslümov da belə gənclərdən biridir. Nicat Müslümov açıqlamasında bildirib ki, hər bir xalqın və dövlətin tarixində həlledici, taleyüklü anlar, əsaslı dönüş məqamları var. Belə məqamlarda xalqını irəliyə aparan, dövlətin sükanı arxasında dayanan güclü, müdrik liderlərin olması həyati önəm daşıyır. Yalnız bu halda ən çıxılmaz görünən böhranlardan qurtulmaq, çətin sınaqlardan uğurla çıxmaq mümkündür. Dövləti və dövlətçiliyi qorumağa çalışan qüdrətli, uzaqgörən liderlər belə ağır dönəmlərdə öz xalqına, millətin dəstəyinə arxalanırlar. Təbii ki, xalq da qurtuluş və nicatını xilaskar liderinin göstərdiyi yolda, apardığı siyasətdə gördüyü üçün onu birmənalı şəkildə dəstəkləyir. 15 iyun – Milli Qurtuluş Günü də Azərbaycan xalqının və dövlətinin taleyində həlledici dönüş məqamıdır. Nicat Müslümov Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın müasir tarixi ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Həmin dövrdə Azərbaycan böyük təhlükələrlə üzləşmişdi, o zamankı hakimiyyət Azərbaycan üçün təhlükə mənbəyi idi. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bütün bunlar Azərbaycan cəmiyyətini çox ciddi narahat edirdi. Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Nicat Müslümov ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. “Bu gün fəxrlə demək olar ki, Ulu Öndərimizin ordu quruculuğu ilə bağlı ideya və tövsiyələri uğurla həyata keçirilir. Ordu-xalq, ordu-dövlət, ordu-vətəndaş cəmiyyəti kimi mühüm istiqamətlərdə ciddi irəliləyişlər əldə edilib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu 15 ildən artıqdır Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz əzmi və iradəsi, davamlı diqqət və qayğısı nəticəsində durmadan həyata keçirilir, Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyanın böyük rəğbət bəslədiyi bir dövlətdir. Buna görə də biz hamımız Azərbaycan dövlətinin vətəndaşı olaraq ailəmizdə, evimizdə uşaqlarımızı Vətənə, xalqa, millətə və ölkəmizə sədaqət və hörmət ruhunda tərbiyə etməli, milli irsimizi ləyaqətlə qoruyub saxlamalı, müstəqilliyimizi qoruyub saxlamalı və Prezidentimizə dəstək olmalıyıq.- deyə N.Müslümov vurğulayıb.

Fariz Eyvazlı