12Aprel 2019 www.xeber24.az

1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. “Vostok”  kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib.

SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel – Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda da bir çox ölkələr tərəfindən bu gün qeyd olunur. Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Onu da bildirək ki, K. Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub. Bütün kosmonavtlar uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Maraqlı bir fakt kimi qeyd edək ki, həmin dövrdə televiziyada kosmonavtın hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtın üzü görünsə də, məruzə etdiyi şəxsin televiziyada göstərilməsi qadağan idi. Sonralar məlum oldu ki, həmin şəxs məhz K. Kərimovdur.

Qeyd edək ki, məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 32 ölkədən bir neçə yüz kosmonavt və astronavt olub. Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavt Sergey Avdeyevdir. O, açıq fəzada 747 sutka 17 saat keçirib. Bir uçuşun davamiyyətinə görə isə lider, ixtisasca həkim olan Valeri Polyakovdur. O, “Mir” stansiyasında bir ildən çox – 437 sutka 17 saat olub. Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub. Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt məhz rusiyalı Valentina Tereşkovadır.

Fariz Eyvazlı