"Qadının səsi " - Günel Fərhadqızı yazır ...


Çoxdandır düşünürəm, nə yaşım vardı axı, verdilər məni erkən yaşımda ərə… Nə yaşım vardı ki, ilk toy gecəsində ağrıdı içimdə hər yer, qəlbim belə… Hələ də bu ağrını unutmamışam, bu ağrıyla yaşayıram… Hazır deyildi bədənim nə intimə, nə kişiyə, ana olmağa, uşaq doğmağa… Hazır deyildim, psixoloji baxımdan ailə yükünə, ailə həyatına… Hazır deyildim axı, ata evindən ayrılmağa… Nə yaşım var idi axı, uşaq idim hələ mən… Ər evində oldum qulluqçu, qul, bütün vaxtı edirəm qulluq, yorulsam belə… Yüklədikcə yüklədilər… Hər il bir uşaq doğdurdular, nə təhsil ala bildim, nə də işlədim… Asılı oldum öncə valideynlərimdən, sonra ər və onun ailəsindən… Nə yaşım vardı, uşaq ikən verdilər məni ərə, ər də yaşca məndən çox böyükdür… Ailə deyilik biz… Ailədə heç kiməm… Hər günüm eyni keçir… Ər evindəyəm, ata evinə də ayda bir dəfə ancaq gedirəm… Bəzən çox darıxıram onlar üçün, bəzən isə yox, günahkar bilirəm onları, indiki bədbəxt həyatıma görə… Tələsdilər ki, gecikməsinlər… “Qızın evdə qalıb deməsin” kimsə… Dillənmədikcə, ağ edirlər, evimizdə hər gün kənar kimsə var, bitmir qonaq sayları, hamısına etməliyəm mən qulluq… İnsan deyiləm… Nə yaşım vardı, nə normal yeyirəm, dincəlməyi unutmuşam, vaxtında yata bilmirəm, gecə gec yatıram, gündüz erkəndən oyanıram, bütün evin yükü çiyinlərimdədir, hamısı ağadır, mən isə… Boşana da bilmirəm, susmağa məhkumam… Nə yaşım var ki, öncə atam döyürdü məni, sonra ərim, qaynım, qaynatam… Qorumaqdansa… Nə yaşım var ki, deyə bilmirəm: “Vurma məni, döymə məni, söymə məni, sev məni, mən insanam, anla məni, incitmə”… Nə yaşım var ki, hələ gəncəm, dözməliyəm, uşaqlarımın xətrinə, asılıyam həm də ərimdən, ailəsindən… Nə yaşım var ki, min yerə bölünürəm, bir yandan uşaqlar çağırır məni, ağlayır, bir yandan ərimin əmri, bir yandan baldız, qayın atmacası, ittihamı, bir yandan qaynanamla qaynatam doldurur ərimin beynini, vurur aranı, qatır aranı… Vaxtında nə təhsil verdilər mənə, nə peşəyə sahib oldum ki, ayrılsam, ölsə ərim, işləyib, kiməsə olmayım möhtac, övladımla ayaqlarım üstündə dayanım… Nə yaşım var ki, göz yummalıyam ərimin xəyanətinə, yalanlarına, biganəliyinə, mən də insanam, mən də qadınam… Nə yaşım var ki, ərim saxlayır başqa qadınları, keyf məclislərindədir… Məni insan yerinə qoymur… Sanki mən onun qadını deyiləm… Nə yaşım var ki, aldatdılar, nə qanuni toy oldu, nə də ki, kəsildi kəbinimiz, doğuldu uşaqlar qanundankənar… Bircə toy elədilər çal-çağırlar, yaxşı idilər toy gününədək, toydan sonra çıxdı buynuzları, şokdayam hələ də… Səsimi də eşidən yoxdur, qadınlar da dəstəkləmir… Hamı qınayır, hamı söz atır, hamı günahkar bilir, ağıl öyrədir, məsləhət verir… Nə yaşım var ki, az qalıb ki, intihar edim, ya da ki, başımı götürüb evdən qaçım, ya da hamısını vurum öldürüm, türmədə yatım, uşaqları qoyum yetim… Dəli oluram, dəli olmamışamsa hələ, təəccüblənirəm, nə əcəb hələ də sağam… Nə yaşım var ki, kimsə soruşurmu, mənim nə istədiyimi, xoşbəxt olub olmadığımı? Xəstəyəm, bu gənc yaşımda da qocalmışam… Kimsə bilmək istəmir səbəbini… Bəsdirin, susun bir anlıq, mən qadınam, insanam sizin kimi, həyatıma qarışmayın… Özüm bilirəm nə çəkdiyimi… Guya yazsam son məktubumu intihardan öncə, qaçmamışdan öncə evimdən, atmamışdan öncə övladlarımı, dəli olmamışdan öncə kimsə düşünəcəkmi səbəbini, kimsə anlayacaqmı səhvini, dayanacaqmı qadına qarşı edilən zülmlər… Bəlkə eşidiləcək bir bədbəxt edilmiş qadının səsi?! Bir az düşün, nə açıq şəkildə ağlaya bilirəm, nə də gülə bilirəm, boğuram hisslərimi, ağrılarımı, yaşadığımı, boğuran yaxşısını, pisini, boğduqca, boğuluram, ölmək istəyirəm… II hissə ... “kimə deyim axı?!” ... Kimə deyim axı? Susuram, susduqca, anlamırlar, susmayanda ondan betər… Hər kəs hesabat tələb edir, hər kəs gəlir üstümə, təzyiqlər, təsirlər… Qaçıram insanlardan… Səbəbini özüm bilirəm… Dünyam var, həyatım var, onlar boyda dərdim var… Kimə deyim axı?! Bu gənc yaşımda atılmışam… Kimə deyim axı? Ərim tapdı başqasını, atdı məni də, övladlarını da… Hədələyir ki, evdən bizi çölə atacaqdır… Kimə deyim axı? Övladlarım evdə acdır… Onların qarınlarını doydurmaq üçün işləyirəm iki işdə, evə də götürürəm sifarişləri… Kimə deyim axı? Bəzən evə niyə gec gəlirəm… Kimə deyim axı? Yoxdur evdə kişi… Evin kişisi də mənəm, qadını da… Evdə nəsə sınanda, xarab olanda, usta çağıra bilmirəm, təmir etməliyəm özüm… Sonra deyərlər axı, oynaşıdır evə gələn… Oynaşını gətirdi evə, mazaqlaşırlar… Kimə deyim axı? Ərim kömək etmir mənə, baxmır övladlarına, ayrılsaq da, ödəmir alimenti… Kimə deyim axı? Möhtacam… Pula, insanlara, köməyə, işə… Hər dəfə möhtaclığımı biləndə kimsə, sui istifadə etmək istəyirlər… Təhqir edirlər, alçaldırlar, əxlaqsız təkliflər ardıcıl olaraq edirlər mənə… Kimə deyim axı? İtirmişəm qadınlığımı, düşünmürəm kişiləri… İtirmişəm qadın kimi hiss və duyğularımı, ehtirasım sönüb… İstəmir kişiləri… Kimə deyim axı? Tək fikrim pul qazanmaq, ailəmi saxlamaqdır… Kimə deyim axı? Ərimin məşuqəsi həyasızca zəng edirdi mənə, çağırırdı ərimi telefona… Acıq verirdi mənə, “ərini aldım əlindən, evini də alacağam, sənə qalan ancaq bir küçə olacaq, körpü altında, bir də iki övladın…” Kimə deyim axı? Niyə küçədə durub satıram nəyisə… Niyə fikir verə bilmirəm özümə… Niyə pis qoxular gəlir üstümdən… Kimə deyim axı? Övladlarımı ata bilmirəm, xəstələnə bilmərəm mən… Tək ümidləri mənəm… Xəstələnəndə onlar özümü itirirəm, köməyim yoxdur… Kimə deyim axı? Ərimin məni atıb getməsində valideyn və qohum-əqrəbam günahkar kimi məni görür? Sahib çıxmırlar nə mənə, nə nəvələrinə… Qovdular evdən məni… Ölümlə hədələdilər… Getməyə yerim yoxdur ən pis günümdə… Kimə deyim axı? Geyindiyim paltarlarım Nuh əyyamından qalıb, qazandığım pula nəsə ala bilmirəm özümə… Kimə deyim axı? Halal zəhmətimlə pul qazanıram, fahişə deyiləm, evə bəzən gec gəlsəm də, küçədə, mağazalara bəzən bişirdiyim, toxuduğum, tikdiyim nəylərisə satmağa məcbur olsam da… İki övladım var… Kimsə olmur dayaq, kimsə tutmur əllərimdən, qaldırmır… Vurduqca, vururlar… Kimə deyim axı? Övladlarımla mağaza, marketə çıxa bilmirəm, gəzmək istəyirlər… Utanıram, onlar da görür, istəyir oyuncaq, dəbli geyimlər, şirniyyatlar… Kimə deyim axı? Yoxsulam pul baxımdan, zənginəm mənəviyyatımda… Əsl fahişələr qalıb kənarda, bədənimi satmıram, namusumla qazanıram çörəyimi, əl uzadırlar adıma… Kimə deyim axı? Çətinliyim nədədir? Günahkar kimdir? Ərimlə niyə ayrıldıq? Kimə deyim axı? İki qız anasıyam, yoxdur qardaşları? Evə niyə kimisə qonaq çağırmıram… Kimə deyim axı? Kommunal ödənişləri gecikdirdiyimdən qışda evim çox soyuq olur, yayda çox isti… Övladlarımı qoya bilmirəm uşaq bağçasına, pulum yoxdur rüşvətə… Kimə deyim axı? Böyük qızım edir analıq kiçik bacısına… Tək qalır övladlarım mən evə gələnədək… Ürəyim səksəkədədir hər an… Nigaranam hər gün evdən işə getdiyim zaman… Dərdim birdir, ikidir, üçdür, o qədərdir ki?! Hansı birini deyim? Kimə deyim axı?! Guya desəm, əl tutan olacaq, kömək edəcək kimsə?! Hay-hay… Xeyriyyəni də edirlər reklam xətrinə… Göstərirlər özlərini, etdikdən sonra asılı olursan onlardan, minnət ardınca minnət… Yaltaqlığı bacarmıram… Kimə deyim axı?! III hissə O, olmasın, bu, olmasın Qadınam, utanıram bəzən qadın olmağımdan… Qadın kimi bir gün görmədim axı… Olmasını istəmədim nə onun, nə də ki, bunun… Oldu, o da, bu da… İstəmirdim məni qaçırtsınlar… Qaçırtdıqları günü zorlanım, sonra hədələsin zorlayan şəxslər… Atılım küçəyə… Paltarım çirkli, cırılmış halda… İstəmirdim bu vəziyyətdə qayıdım evə… Bilsin valideynlərim… Qovacaqlar məni, ya da öldürərlər, axı namusum ləkələnim, boyunlarını soxmuşam yerə… İstəmirdim boşalsın içimə ən azı üç oğlan, sonra bilim ki, hamiləyəm… İstəmirdim edim abort… İstəmirdim sonra sonsuz qalmaq… Kişilərdən qorxmaq, iyrənmək, uzaqlaşmaq… İstəyirdim ərə getmək, ana olmaq, toyla, adət-ənənə ilə köçmək sevdiyim insanın evinə, ərim deyərək… Bakirə deyiləm artıq, kimsə bilsə, ad qoyacaqlar mənə “Fahişə”, hər kəs istəyəcək bir gecəlik sala məni yatağa, hər kəs ehtiras odunu söndürəcək mənimlə, əldən – ələ düşəcəyəm, zorlanacağam gün ərzində yüz kərə… Bakirə deyiləm artıq, kimdir məni evinə xanım, gəlin edən, min kərə qaxacaqlar başıma… Necə sübut edəcəyəm uşaq ikən zorlandığımı? Necə sübut edəcəyəm qaçırıldığımı? İstəmirdim qiyabi təhsil almaq, amma neyləyim, yoxsul ailəm var, kömək etməliyəm ata, anama, anam da xəstədir, pul lazımdır müalicəyə, dərmanlara, müayinəyə… İşləməliyəm… Böyüməliyəm… Başqalarından nəyim əskikdir axı?! Alardım təhsilimi, işləyərdim yaxşı yerdə, olardı savadım… Mən diktə edərdim iş şərtlərini, maaşımı… Məni zorlayanlar varlıdırlar, mənsə kasıb, onlar pul verib, qurtaracaqlar canlarını həbsdən, cəzadan, alçaldılan, məhv edilən mən olacağam, hər kəs də biləcək, qınayacaq, deyəcəklər “Od olmayan yerdən tüstü çıxmaz” Qorxuram hava qaralanda evdən çıxmağa, tanımadığım küçələrdən keçməyə… Kiminləsə tanış olmağa da qorxuram yaman… Kimisə bilmirəm özümə yaxın, demirəm kiməsə dərdimi… Dostumun da dostu var, sözlər təhrif olunur, sənə qarşı istifadə edilə bilər… İstəmirdim anamın arzusunu qoyum gözündə, getməməklə ərə, hər dəfə söhbətdən qaçmaqla, evə gələn elçiləri evdən qovmaqla… İstəmirdim dəyişmək xarakterimi, kişi kimi olmaq, özümü qorumaq da istəmirdim… Evdə kişi var, kişi qorumalıdır qızı, qadını… Sevməyə də qorxuram… Birdən sevib bağlanaram, evlənmək istəyər, deyərəm ona həqiqəti, fikri dəyişər, onlar hamı kimi… Düşərəm gözlərindən… Düşər gözlərimdən… İstəməzdim ərə gedəsi olsam, ərim məni qınasın, hirsli olduqca, xatırlatsın yaşadığımı, qayıtsın keçmişə, qaytarsın mənə o bədbəxt anlarımı… Unutdurmaq əvəzinə, yadıma salsın… İstəmirəm… İstəmirəm, qadın xəstəliyim olsun, əməliyyat etsinlər məni… İtirim qadınlığımı… Guya ki, indi qadınam… İstəmirəm, qlamur qızlar mənə baxsın yuxarıdan aşağıya, kiminsə yazığı gəlsin mənə… İstəmirəm, həyatımda kişi olsa, onunla həyatım çevrilsin zindana, cəhənnəmə… Olmasın kimsə… Kişim olacaq insanla intim həyatım ahəngdar olsun… O, mənə həzz versin, mən də ona… Heyif olmayacaq… Nələr bilirəm, bilmirəm, məndə qalacaq… Kimsə bilsə, yaşatsam kiməsə o həzzi, deyəcək ki, həyatımda min kişi olubdur, fahişəyəm, təcrübə qazanaraq əldə etmişəm bu bilikləri… İstəmirdim ki, bədbəxt olum, qadın olum, qadın olan gündən itirim qadınlığımı… İstəmirdim kişilərə hisslərim ölsün, marağım ölsün, meyl edim öz həmcinslərimə… Qınamayın məni… Yaşadığımı siz yaşamamısınız… İstəməsəm də bunları, oldu… Bəxtimlə barışmalıyam, yaşamalıyam, hamı deyir axı, həyat qısadır, həyat gözəldir…
Baxıldı: 385 .
ETİKETLƏR :
Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
Digər MƏDƏNİYYƏT xəbərləri
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Ictimai nəqliyyatdan razısınız?
Yox

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.